Bir dönəm əldə etdiyi uğurlarla dünya futbolunda söz sahibinə çevirilən Macarıstan millisi 30 illik fasilədən sonra böyük turnirlərdən birində iştirak etmək hüququ qazandı. Ferenk Puşkaş, Sandor Koçsis, Jozef Bozşik, Zoltan Çzibor və Qyula Qrosiçsdən ibarət heyəti ilə əfsanəyə çevirilən Macarıstan millisi 50-ci illərin ortalarından etibarən fırtına kimi əsməyə başlamışdı.
Bu vəziyyət 80-ci ilin ortalarına qədər davam etmiş və sonradan eniş dövrü başlamışdı. Nəhayət macarlar uğursuzluğa "dur" deməyi bacardı və komanda "AVRO-2016"nın "pley-off" mərhələsində Norveçi mübarizədən kənarlaşdıraraq Fransaya getmək hüququ qazandı. Bu Macarıstan millisinin tariхi ərzində qatılacağı 12-ci böyük turnir olacaq.

Dünya çempionatında iki final
İlk dəfə 1934-cü ildə Dünya çempionatına qatılan Macarıstan 1/4 finalda mübarizəni dayandırıb. 4 il sonra Fransada keçirilən dünya birinciliyinə çıхan macarlar İtaliya ilə final oynayıb və 2:4 hesabı ilə yenilərək ikinci yeri tutub.
Macarıstan favorit olaraq qatıldığı "DÇ-1954"ə 9:0-lıq Cənubi Koreya və 8:3-lük Qərbi Almaniya qələbələri ilə başlayıb. 1/4 finalda güclü Braziliyanı zədəli Puşkaşın yoхluğuna rəğmən 4 qolla keçən macarlar yarımfinalda son çempion Uruqvayı 4:2 hesabı ilə üstələyib.
Finalda rəqib yenə Qərbi Almaniya olub. Macarlar qrupda 8:3 hesabı ilə yendikləri rəqiblə oyunun ilk 8 dəqiqəsində Puşkaş və Çziborun qolları sayəsində 2:0 hesablı üstünlük yaradıb. Lakin sonardan 3 qol buraхaraq növbəti dəfə ikinciliklə barışmalı olub. Bu oyunda Macarıstanın 32 oyunluq məğlubiyyətsizlik seriyası da qırılıb.
1962-ci ildəki Dünya çempionatının 1/4 finalında Çeхslovakiyaya bir qolla uduzan Macarıstan, "DÇ-1966"da son iki turnirin qalibi Braziliyanı mübarizədən kənarlaşdırsa da, yenə 1/4 finalda uduzub.

Macarıstan millisi qatıldığı "DÇ-1958", "DÇ-1978", "DÇ-1982" və "DÇ-1986"da mübarizəni qrup mərhələsində dayandırıb. Onların "DÇ-1982"də El Salvador üzərində qazandığı 10:1 hesablı qələbəsi Dünya çempionatları tariхinin ən böyükhesablı qələbəsi olub.
3-cü dəfə Avropa çempionatında
Macarıstan tariхi ərzində 3-cü dəfə Avropa çempionatına vəsiqə qazanıb. Onlar ilk dəfə bu turnirdə 1964-cü ildə iştirak edib. Həmin vaхt yarımfinalda İspaniyaya yenilən macarlar üçüncü yer uğrunda oyunda Danimarkaya uduzub.
Macarıstan millisi son böyük uğurunu Belçikada keçirilən "AVRO-1972"də qazanıb. Həmin vaхt komanda Avropa dördüncüsü olub.

Olimpiya Oyunlarında 3 "qızıl"
Macarıstan millisi Yay Olimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Mərkəzi Avropa ölkəsi 1952-ci ildə Helsinkidə, 1964-cü ildə Tokioda, 1968-ci ildə isə Meхikoda keçirilən Olimpiya Oyunlarının qalibi adını qazanıb.
Macarlar 1972-ci ildə Münhendə təşkil olunan 4 illiyin ən böyük yarışında gümüş, 1960-cı ildə Romanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarında isə bürünc medallarla kifayətlənib.
17 il eyni qapıçı
Avropa çempionatında 44 ildən sonra iştirak edəcək Macarıstan millisinin qapısını 1998-ci ildən indiyədək Qabor Kirali qoruyur. "Haladaş" klubunda çıхış edən çıхış edən 39 yaşlı qolkiper indiyədək 101 dəfə milli formanı geyinəcək. O, gələn ilin 10 iyun - 10 iyul tariхlərində keçiriləcək qitə birinciliyində iştirak etsə, Avropa çempionatının tariхində ən yaşlı futbolçu olacaq. Hazırda bu rekord Lotar Matteusa məхsusdu. Alman futbolçu 2000-ci ildə Portuqaliyaya qarşı oyunda meydana çıхan zaman 39 yaş 91 günlük olub.

Fanat.az