UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Sabah" Çexiyanın "Slaviya" (Slavia Praha, Slavia Prague) komandası ilə üz-üzə gəlib (2:0).
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
"Biz rəqibi yaxşı təhlil etmişdik. İlk 20-25 dəqiqədə topa sahibolma göstəricimiz daha yüksək idi. Birinci hissənin ortalarında isə topa sahibolma nisbəti bərabərləşdi. “Slaviya” güclü komandadır. Onların boşluqlarını tapmaq çətindir. İkinci hissənin əvvəlində erkən qol vurduq və müəyyən epizodlarda bəxtimiz də gətirdi. İmkanlarımızdan yaxşı istifadə etdik. Futbolçularım oyun planını yaxşı icra etdilər. Onların çıxışından məmnun qaldım. Möhtəşəm nəticə əldə etdik."
- Qarşıdakı oyunlar üçün azarkeşlərə nə vəd edirsiniz?
Biz bugünkündən daha yaxşı performans göstərməliyik. Azərbaycanı və gözəl şəhərimiz Bakını təmsil edirik. Qəbələyə səfərimiz var, daha sonra isə Dortmund “Borussiya”sı (Borussia Dortmund) ilə oyuna hazırlaşacağıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm.
- “Slaviya”nın futbolçusu matçdan əvvəl “Sabah”ı asan rəqib kimi görürdü, lakin komanda məğlub oldu. Bu, həmin futbolçuların motivasiyasına necə təsir etdi?
- Bunu deyə bilmərəm. Onların bizi təhqir etdiklərini düşünmürəm. Bizim əla və yüksək keyfiyyətli futbolçularımız var. Potensialımız böyükdür.
- “Slaviya” tərəfi Bakı səfərinin uzunluğunu mümkün çətinlik kimi qeyd edirdi, eyni zamanda bu oyunu Çempionlar Liqasında qələbə qazanmaq üçün real fürsətlərindən biri sayırdı. Sizcə, bu gün onların əsas problemi uzun səfər idi, yoxsa “Sabah”ın səviyyəsini düzgün qiymətləndirməmələri?
- “Slaviya” tərəfi məğlubiyyətin səbəblərini özü müzakirə etməlidir. Mən bu barədə fikir bildirə bilmərəm. Biz bu gün zəif rəqib olmadığımızı sübut etdik.
- Qeyd etdiniz ki, rəqib fiziki cəhətdən güclüdür. Müəyyən epizodlarda fiziki mübarizədə rəqibə uduzduğunuzu nəzərə alsaq, Dortmund “Borussiya”sı ilə oyunda da bu çətinliklərlə üzləşəcəyinizi düşünürsünüzmü?
- Qarşıdakı oyunlarda nələrin baş verəcəyini görəcəyik. Bu, futboldur. Bəzən fiziki mübarizədə rəqibə uduzduğumuzu deyə bilərik. Növbəti matçlarda əlimizdən gələni edəcəyik.
Kamil Xudiyev