"Qollar olsaydı, matç azarkeşlər üçün daha maraqlı və baxımlı olardı" - Samir Əliyev

"Qollar olsaydı, matç azarkeşlər üçün daha maraqlı və baxımlı olardı" -  Samir Əliyev

Misli Premyer Liqasında 7-ci tura yekun vurulub. Azərbaycan yığmasının sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb turun oyunları barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Gözlənilməz nəticələr qeydə alınmadı. Çempionluğa oynayan "Neftçi" və "Sabah" komandaları üz-üzə gəldi. Yetərincə maraqlı görüş keçdi. Əlbəttə, qollar olsaydı, oyun azarkeşlər üçün daha maraqlı və baxımlı olardı. Amma yenə də hər iki komanda qələbəyə oynayırdı, tərəflərin müəyyən qədər şansları oldu. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.

"Qarabağ" "İmişli" üzərində qələbə qazandı və bu, gözlənilən idi. Məncə, sensasiya baş vermədi.

"Zirə"nin evdə "Şamaxı"ya qalib gəlməsi gözlənilirdi. Amma "qartallar" iki xal itirdi. Nəzərə alaq ki, "Zirə"də aparıcı futbolçuların zədəli olması və ehtiyat qüvvənin kasad olması belə bir xal itkisinə gətirib çıxardı.

"Turan Tovuz" çempionata çox da uğurlu başlamasa da, artıq "Şəfa" üzərində qələbədən sonra xallarının üstünə üç xal yazdırdı. Çətinliklə və minimal hesabla da olsa, qələbə qazandı. "Şəfa" nə qədər müqavimət göstərsə də, qonaqlar yenə də qələbə qazandılar.

"Sumqayıt" ilə "Qəbələ"nin oyunu maraqlı görüş idi. Həm turnir cədvəli baxımından, həm də iki xarici məşqçinin dueli baxımından yaxşı matç keçdi. "Qəbələ"nin məşqçisi təzə gəlib, bu, onun üçün çempionatda ilk oyun idi. Amma "Sumqayıt"ın da çoxdandır qələbəsi yox idi. İlk qalibiyyətlərini əldə etdilər. Böyük hesablı, dörd toplu qələbə bir az gözlənilməz oldu, amma "Sumqayıt" öz gücünü göstərdi və inamlı qələbə qazandı.

Ümumi götürsək, çempionat qeyri-stabil keçir. Çünki əvvəlcədən kimin qələbə qazanacağı və oyunların necə bitəcəyi bilinmir. Bu da çempionata bir az rəng qatır, çempionatın marağını artırır".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər