Dəlləklər

Dəlləklər

Ceyhun Əliyev

Ailədə oğlan uşağı dünyaya göz açanda valideynlərinə gözaydınlığı verməyə gələnlər "kiçik toyuna gələk" deyirlər. Kiçik toy ola - dəlləksiz keçinəsən? Əsla! Bu, mümkün olan iş deyil!

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələr üçün dəlləkləri ölkə xaricində axtarmağa başladılar. Futbolumuz da etmədi tənbəllik, bir az var-gəl etdikdən sonra xaricdən braziliyalı dəllək gətirdi. Binəva Karlos Alberto Torres ilk oyundan öncə "İsrail bizim üçün sınaqçı - rəqib olsa da, onları udacağıq" dedi. Yaddaşlardan yəqin ki, silinməyib 0:6. Acı məğlubiyyətdən sonra isə "Kapitan" belə danışdı: "Mən Braziliya yığmasının kapitanı olmuşam. Bizim üçün İsrail heç vaxt ciddi rəqib olmayıb. Azərbaycanlı futbolçulara da total futbol oynamağı tapşırmışdım - bütün heyətlə hücuma və hamılıqla müdafiə olunmaq. Onlar verdiyim tapşırığın yalnız birinci hissəsinə əməl etdilər. Hamı irəli getdi, amma geriyə qayıtmağa gücləri qalmadı". Qərəz, braziliyalı "kirvəmiz" ha sünnət eləməyə çalışdı futbolmuzu, ortaya bir şey çıxara bilmədi. AFFA yenidən milli "dəlləklər" arasında seçim etmək qərarına gəldi. Sonra AFFA-da da dəyişiklik baş verdi və qərara alındı ki, yox e, mütləq xarici "dəlləy"ə müraciət olunmalıdı. Uzun götür-qoydan sonra Berti Foqts adlı dünya şöhrətli dəllək Azərbaycan millisinə dəvət olundu. Ancaq onun dəlləkliyi bir qədər qeyri-adi idi. Azərbaycan mediası nə qədər baş sındırdısa, bu sirrin üstünü aça bilmədi. Axı uzaq məsafədən dəlləkliyə heç vaxt rast gələn olmayıb. Başımıza ip salıb hərlədən alman Xorvatiya rüsvayçılığından sonra ülgücünü götürüb "saxloon vaxtımı" dedi. İndi AFFA məmurları millimizə yenə də dəllək axtarışına çıxıb. Özü də ilk əvvəl mütləq əcnəbi dəlləyin gətiriləcəyi barədə deyilirdisə, Norveçlə oyundan sonra assosiasiyadakılar da başa düşdülər ki, dəlləklik deyil məsələ.Dəllək deyəndə saç dəlləyi də yada düşür. Saç deyəndə ki... Yaxşı atalar məsəli var: "Keçəl dərman bilsə, öz başına sürtər". Yəni bizim milliyə gələn əcnəbi dəlləklər də "keçəllər sülaləsi"ndən olur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər