Son günlərdə "Qalatasaray" rəhbərliyi ilə baş məşqçi Fatih Terim arasında yaşanan problemlərin yaxşı sonuc gətirməyəcəyini təxmin etmək çətin deyildi.. Fanat.az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi "imperator"la yolları ayırmağa qərar verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb: "Son günlərdə futbol komandamızla bağlı yaranan problemlər idarə heyətini yeni çıxış yolu axtarmağa vadar edib. Baş verən hadisələrdə "Qalatasaray"ın zərər görməməsi üçün qərar qəbul olunub. Bu məsuliyyətin nəticəsi olaraq, klubun daha da artıq ziyan görməməsi üçün baş məşqçimiz Fatih Terimlə yolların ayrılmasına qərar verilib. Xidmətinə görə Terimə təşəkkür edirik və ona milli komandada uğurlar arzulayırıq. "Qalatasaray" camiəsinə xeyirli olsun".
"İmperator"un İstanbul təmsilçisindən ayrılmasının əsas səbəbi kimi isə onun Türkiyə yığmasına baş məşqçi keçməsi olub. Belə ki, Terim milliyə baş məşqçi təyin olunandan sonra "Qalatasaray" heç də uğurlu nəticələr əldə etməyib.
Türkiyə mətbuatı artıq Terimin yerinə yeni namizədin olduğunu da bildirib. Həmkarlarımıza inansaq, "aslanlar"a bundan sonra Yupp Heynkess başçılıq edəcək. Alman mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.
Terim "Qalatasaray"la UEFA kubokunu (2000), 6 dəfə Türkiyə çempionluğunu (1996/97, 1997/98, 1998/99, 1999/2000, 2011/2012, 2012/13), 4 dəfə Türkiyə kubokunu (1996, 1997, 2012, 2013) qazanmış və "Emirates Cup"ın qalibi olmuşdu.