Avropa Oyunları üçün daha bir arena - FOTOLAR

Avropa Oyunları üçün daha bir arena - FOTOLAR

"Bakı-2015" ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Fanat.az xəbər verir ki, arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub. Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər.

Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. Avropa Oyunlarının proqramına əsasən, 1000 nəfər tamaşaçı tutumuna malik arenada yarışlar iyunun 26-28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.

Sınaq xarakterli yürüşlər zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb. Federasiya rəsmisi yeni stadion haqda məlumat verib: “Avropa Oyunları ərəfəsində biz daha bir gözəl idman obyektində işlərin başa çatmasını qeyd edirik. Daha əvvəl ABŞ-dan dünyaca məşhur BMX ustalarından biri olan Barri Noblesi dəvət etmişdik. O, stadionu sınaqdan keçirərək, müsbət fikirlər səsləndirdi. Bu gün isə Almaniya, Rusiya və Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirirlər və gördüklərindən razılıq ifadə edirlər. Bu idman obyekti nəinki MDB-də, ümumiyyətlə Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridir. Onun bir çox üstünlükləri var. Birincisi, yerləşdiyi məkan çox gözəl seçilib. Bir tərəfi dəniz, digər tərəfi isə dağ və meşədir. Üstəlik, burada 2 start meydançası var. Halbuki, əksər stadionlarda yalnız 1 enmə zolağı var. Güman edirəm ki, yeni inşa olunan arena Azərbaycanda bu idman növünün inkişafına öz müsbət təsirini göstərəcək”.

Sahib Ələkbərov qeyd edib ki, stadionun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Daha əvvəl burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılmasına və ərazidə park salınmasına göstəriş verib. Onun şəxsən özünün əkdiyi ağaclar indiyə qədər burada qalır. Ölkə prezidenti İlham Əliyev isə göstəriş verib ki, bura idman şəhərciyinə çevrilsin. Burada gözəl velopark yerləşir. 4 marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Bundan başqa Avropa Oyunlarında həm şosse, həm də dağ velosipedi üzrə yarışlar baş tutacaq. Dağ velosipedi üzrə sınaq yarışını ötən il oktyabrın 18-də keçirdik. Hər şey hazırdı. Azərbaycan velosipedçiləri fəxr edə bilər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”.

Federasiyanın vitse-prezidenti “Tour d’Azerbaidjan-2015” haqda da danışıb: “Tour d’Azerbaidjan-2015” 6-10 may tarixlərində keçiriləcək. Bu yarış ölkəmizdə böyük ərazini əhatə edir, marşrut üzərində 10 rayon və şəhər var. İdmançılar 883 km məsafə qət edəcəkər. Son mərhələ həm də Avropa Oyunları öncəsi şosse yarışlarında sınaq mərhələsi hesab olunur. Mötəbər yarış üçün hər şey hazırdı. Tamaşaçılar da maraqlı idman mübarizəsindən zövq alacaqlar. Avropalı televiziya tamaşaçıları bu yarışın 3 mərhələsinə "Eurosport" kanalı vasitəsilə canlı tamaşa edə biləcəklər. Ölkəmizdə isə “Tour d’Azerbaidjan-2015”in bütün mərhələlərini "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımda izləmək mümkün olacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər