Mənim uşaqlıq dünyamda futbol adlı bir rəng var idi. Bizim dövrün futbolçularını indi də, qəribə bir sevgiylə xatırlayıram. Braziliyalılardan Romario, Bebeto, almanlardan Klinsman, Müller, ingilislərdən Qaskoyn, Şirer, çexlərdən Berger, Poborski, xorvatlardan Şuker, Boban, "xoxollar"dan Rebrov, Şevçenko...
Siyahını xeyli uzada bilərəm. Sonra bukmeyker kontorları çıxdı və futbola gərəyindən artıq pul axmağa başladı. Kapitalizm dünyası kasıbların sonuncu əyləncəsini də əlimizdən aldı. O vaxtdan mənim futbola sevgim uşaqlıq yaddaşımın arxivinə atıldı.
Bəs bu gün məni futboldan yazmağa nə vadar etdi? Axır vaxtlar bir şeyi müşahidə edirəm. Bəzi cavanlar Türkiyənin və bütünlükdə TÜRK dünyasının fəxri olan bir klub - "Qalatasaray" barədə çox ərklə "Beşiktaş"dan, "Fənərbaxça"dan, "Trabzonspor"dan danışırmış kimi danışır. Onun məğlubiyyətini lağ obyektinə çevirir. Bu tendensiya məni çox narahat edir.
Dostlar, 15 il əvvəl Azərbaycanda "Fənərbaxça"nı bilirsinizmi necə tanıyırdılar? "Cim-Bom"un nəhəngləri devirməkdən başı açılanda gəlib rahatca məğlub elədiyi bir klub kimi. O heyət yadınızdadırmı? Hacini, Hakanı, Tuqayı, Ərgünü, deyirəm. "Fənər"in qorxulu yuxusuna çevrilən heyəti. Tək "Fənər"inmi? Bəs "Arsenal", Real Madrid", "Lids", "Milan"?
Mən heç bir klubun xidmətlərini, yetişdirdiyi nəhəng futbolçuları danmaq fikrində deyiləm. Bəlkə də, heç azəri "Fənərbaxça"lılar Can Bartunu, Lefteri mənim qədər yaxşı tanımır. Bəlkə də, "Beşiktaş"ın qartal olduğuna inananlar Sərgən Yalçın adlı əfsanələrindən xəbərsizdi. Ancaq "Cim-Bom" bir başqa aləm olub türk futbolunda.
2002-cil dünya çempionatı yadınızdadımı? Bəs həmin heyətdəki "Qalatasaray"lılar necə? Hasan Şaş, Hakan Şükür, Ümit Davala, Arif Ərdəm, Tuqay Kərimoğlu, Fatik Akyel, Bülənt Qorxmaz, Ərgün Pəmbə, Əmrə Bələzoğlu... Həmin heyətlə dastanlar yazan komandanı hələ də unutmamışıq. Hələ də, həmin oyunlar qürur mənbəyimizdi.
Sonra türk futbolunda bir Aziz Yıldırım dönəmi başladı. Bu dönəmin əsas xüsusiyyətləri mafiya, pul, hakimlərlə işləmək, oyunçuları, idman yazarlarını ələ almaq, rəqiblərə qarşı "qara-piar" aparmaq idi. Beləliklə, bütün dünyada olduğu kimi, Türkiyədə də futbola pul qarışdı və hər şey bitdi.
Türkiyə futbolu "Qalatasaray" və "Qalatasaray"ın oyunçuları hesabına formalaşmış milli komandayla qürur duymağı yadırğadı. Əvəzində, dövrəyə "Fənər"in oyun alqı-satqıları girdi. "Qalatasaray" zəiflədildi, yığma dünya səviyyəli turnirlərdən kənarda qaldı.
Və budu nəticə: futbola dünəndən-srağagündən baxmağa başlayan gənclər boyunlarına sarıdıqları "Fənər", "Qartal" şərfləri ilə fotolar çəkdirir, türk futbolunun zirvəsi olan bir komandanı lağ obyektinə çevirir. Bütün sahələrdə bu cürdü: Dəyərlər itəndə, unudulanda, belə olur.
Baxın, gəncəcik cocuqlarsınız, Azərbaycanın gələcəyi sizlərin əlindədi. Söhbət tək futboldan getmir. Bütün sahələrdə xidməti olan adamların əziyyətini danmaq, bizə qürur yaşadan tarixi hadisələri görməzdən gəlmək sizə, pırıl-pırıl yanan gözlərinizə yaraşmaz. Gəlin, bu qoca dayınızın bir məsləhətinə qulaq asın. UEFA Kubokunun finalında Vieyranın "Qalatasaray"ın qapısına vurduğu penalti qapı tirinə dəyəndə Ləvənt Özçəlik ağlaya-ağlaya deyir: "Tanrı bizim almamızı istiyor!" Lütfən, o videonu tapın və baxın. O zaman "Qalatasaray"ın türk insanı üçün nə olduğunu anlarsınız bəlkə də...
Mövlud Mövlud
publika.az