"Onların pərt simalarını görmək üzücüdü" - Qurban Qurbanov

"Onların pərt simalarını görmək üzücüdü" - Qurban Qurbanov

Azərbaycan Kubokunun final qarşılaşmasında "Neftçi" üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, ardıcıl 2-ci dəfə "qızıl dubl"u rəsmiləşdirən təcrübəli mütəxəssis 120 dəqiqə ərzində komandasına dəstək olan azarkeşləri də unutmayıb.

- İlk növbədə sizləri təbrik edirəm. Sizin üçün də ağır mövsüm keçdi. Bizdən fərqli olaraq, sizlər yenə də iş başında olacaqsınız. Oyuna gəldikdə, ilk növbədə stadiona gələn bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Bizim üçün də bu sayda fanatın gəlməsi xoş təəccüb idi. Federasiya rəhbərliyinə belə bir bayram ab-havası yaratdığı üçün təşəkkür edirəm. Hesab edirəm ki, futbolçularımız bu oyunun yekununa görə, kuboka etmişdilər. Onlara dərin təşəkkürümü bildirirəm. Əvvəl də qeyd etmişdim ki,"Neftçi" olduqca istəkli idi. Heyətdə  yerli oyunçu çıxmışdı. Buna baxmayaraq, oyun intizamını sonadək qorudular. Kaş iki kubok olaydı və biri də "Neftçi"yə veriləydi. Onların gənc futbolçularının pərt simalarını görmək üzücüdü. Amma onlar Azərbaycanın gələcəyidilər.

- Oyunun gedişatında Maksim Medvedevlə Rəşad Sadıqov yerlərini dəyişdilər. Ancaq bu, təqribən 10 dəqiqə davam etdi...

- Bu cür rotasiyalar digər görüşlərdə də olub.

- Əlavə vaxtın son dəqiqələri gedən bir vaxtda, penalti ustası olan Riçard Almeydanı əvəzlədiniz. Oyunun müqəddəratını lotereyaya saxlamamağı bu qədərmi istəyirdiniz?

- İki səbəb var idi. Əlbəttə ki, istəyirdik qol vuraq və penalti seriyasına getməyək. Həm də Riçard çox iş görmüşdü və artıq tükənmişdi. Diqqət yetirdinizsə son 10 dəqiqədə hücumlarımız yalnız sağ cinahdan qurulurdu. Sol cinahdakı axsamanı aradan qaldırmaq üçün Muaremi döyüşə atdım.

- Reynaldonun qırmızı vərəqəsini şərh edrdiniz...

- Əlbəttə, son dəqiqədə qırmızı vərəqə almaq pis haldı. Amma həmin epizod gözümün qarşısında baş verdi. Reynaldo rəqibi top qarışıq vurmaq niyyəti güdürdü. Fariz Yusifov əsəbləri sakitləşdirmək üçün Ramosdan sonra Reynaldonu da meydandan çıxardı və "status-kvo"nu bərpa etdi.

- Onu bağışlamaq olarmı?

- Olar.

- Tahir Gözəl ulduz futbolçu gətirmək üçün qarşınızda "yaşıl işıq" olduğunu dilə gətirdi...

- Bu gün ulduz futbolçu bizə nə verə bilər? Bu suala cavab vermək çətindi. Bizə işinə peşəkar yanaşan futbolçular lazımdı. Çünki əksər halda ulduz oyunçular problem yaradan olurlar.

- Arif Daşdəmirovla müqavilə imzalamağınızdan sonra komandanızın oyun sxemində nə kimi dəyişikliklər olacaq?

- Bəli, onunla müqavilə imzalamışıq. Həm sağ, həm sol cinahda oynaya bilən universal müdafiəçidi. Düşünürəm ki, yaxşı komanda qurmaq üçün ilk növbədə etibarlı müdafiə xəttinə sahib olmalıyıq. 

- Bu transfer Ansi Aqollinin gedişinə işarə deyil?

- Qətiyyən! Ansi hər bir komanda yoldaşı üçün örnəkdi. İstərdim ki, sərəncamımda Aqolli kimi 11 futbolçu olsun.

- Təlim-məşq toplanışına nə vaxt start verəcəksiniz?

- Avstriya toplanışına iyunun 17-dən start verəcəyik. Çempionlar Liqasında ilk oyunu evdə və ya səfərdə keçirməyimizdən asılı olaraq, vətənə qayıdacağımız tarixi müəyyənləşdirəcəyik. Toplanışda ilk oyunumuzu iyunun 25-də Avstriyanın 2-ci divizion təmsilçisi "İnsburk"a qarşı keçirəcəyik. Bundan sonra daha 3 oyun keçirməyi planlaşdırırıq. Ancaq rəqibləri püşkatmanın nəticələrinə uyğun seçəcəyik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər