Azərbaycan 1-ci Liqasında dördüncü turun oyunlarına yekun vurulub.
Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədovla əlaqə saxlayıb turu şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala”dan danışası olsaq, "Şahdağ Qusar"la oyunda məğlubiyyət gözlənilən idi. Hesabın bu qədər böyük olacağını gözləməzdim. Üç-dörd top fərqlə məğlub olacaqlarını düşünərdim. Amma 0:6 hesablı məğlubiyyəti çox da gözləmirdim. “Zaqatala” komandasında çətinliklər var. Keçən ilə baxdıqda müəyyən şəraitlər yaradılıb. Gördüyüm qədərilə, vəziyyət heç də pis deyil. Ancaq nəticə qazanmaq üçün şəraitlə yanaşı, komandada mütləq yaxşı futbolçular da olmalıdır. Gənc oyunçularla müəyyən yerə qədər irəliləmək mümkündür. Səhv etmirəmsə, komandada yalnız bir təcrübəli oyunçu var, o da Sərxan Abdullayevdir. Bir futbolçu ilə isə böyük dəyişiklik etmək mümkün deyil. Ümid edirəm ki, komanda növbəti oyunlarda daha da irəli gedər. Məşqçini də anlayıram. Oyunçular gənc olanda müəyyən işləri görmək çox çətindir. Mən özüm də bu təcrübədən keçmişəm.