AFFA-nın match.affa.az və @AFFA.istedadlar sosial media layihəsi ictimaiyyətə təqdim edilib.
Fanat.Az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev uşaq futbolu ilə bağlı fikirlərini səsləndirib.
"Bu gün Azərbaycan futbolu üçün gənc istedadların üzə çıxarılması və uşaq futbolu üçün yeni imkanların yaradılması baxımından önəmli bir tədbir üçün toplaşmışıq. Monitorda da gördüyünüz kimi, match.affa.az saytı və eyni zamanda @affa.istedadlar sosial media kanallarının təqdimat mərasimi üçün bir yerdəyik. Bu təqdimat çərçivəsində AFFA-nın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər, rəqəmsal platformalar və gənc futbolçuların inkişafına dair məsələlərlə tanış olacağıq.
Ssenari belədir ki, əvvəlcə çıxışlar nəzərdə tutulub. Çıxışların ardınca maraqlı bir videoçarxımız olacaq. Eyni zamanda ilk gənc oyunçumuzun AFFA tərəfindən mükafatla təchiz olunduğunun şahidi olacağıq. Ümumilikdə zəngin proqramlı bir tədbir bizi gözləyir. Əvvəlcə çıxış üçün AFFA-nın baş katibi Cahangir Fərəcullayevi dəvət etmək istərdim.
Bu gün bizim mövzumuz, təqdimatlarımız uşaq və gənclər futbolunun inkişafı ilə bağlıdır. Onu demək istəyirəm ki, praktik olaraq 2026-cı il AFFA tərəfindən Azərbaycan futbolunda uşaq futbolu ili kimi qeyd oluna bilər. Bir çox layihələrə start verilib, görünən layihələr, keçmiş uğurlu layihələr bərpa edilib və bütün bunlar yeni ildən uşaq futbolunun inkişafına daha da çox töhfə verəcək.
Amma demək istəyirəm ki, bunun ən möhtəşəm anı təbii ki, U-15 dünya çempionatının festivalıdır. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə ölkəmizə verilən etimad bu günlərdə təqdimat təşkil etdi. Amma ondan da başqa, bizim qurduğumuz yeni infrastruktur, o milli mərkəzdəki yarış və məşq mərkəzi doğrudan da möhtəşəm bir infrastruktur nümunəsidir. Dünya çempionatı bitəndən sonra bu möhtəşəm infrastruktur uşaq-gənclər futboluna veriləcək.
Orada hal-hazırda son quruluş işləri bitib və dünyanın ən müasir standartlarına uyğun 10 mindən çox azarkeş tutumlu stadion istifadəyə veriləcək və bu, bilavasitə uşaq futbolunun inkişafına, yeni istedadların üzə çıxmasına böyük təkan olacaq.
Ondan başqa, bu ilin əvvəlində mart-aprel aylarında bildiyiniz kimi, "Eybol" layihəsinə start verildi. "Eybol" layihəsi həqiqətən də bizim ilkin nəticələri görüb uşaqların potensialını qiymətləndirməkdə çox yaxşı nəticə verdi. Oradan gələn data və videogörüntü analizi uşaqların bacarıqlarını doğrudan da hər bir mənada bizə çox aydın şəkildə göstərdi.
Onu da deyim ki, bu yalnız bizim fikrimiz deyil, bu artıq oradan gələn dəyər idi. Bir çox klub bundan artıq istifadə eləyib. “Eybol" layihəsi həm də bizə nəyi verdi? Müəyyən datadan başqa, görüntü və uşaqların bir matçda yox, iki matçda yox daimi performansını bizə göstərdi. Ondan da başqa, bu məlumat oyunçuların, istedadların hansı istiqamətdə inkişaf etmələrini də göstərir və fərdi planların necə qurulmasında da məşqçilərə köməklik edir.
Bundan başqa, bu gün sizə təqdim olunacaq saytlar həm media, həm sosial resurslar vasitəsilə böyük dəstək verəcək. Onların əsas məqsədləri uşaq futboluna, yeniyetmə futboluna insanların maraqlarını cəlb etməkdir. İstər-istəməz uşaqlarda motivasiya yaranır, özlərini AFFA-nın platformalarda görəndə, onların fəaliyyətlərini biz üzə çıxaranda istər-istəməz bu onlarda qürur hissi yaradır. Uşaqlarda istək və futbolçu olmaq həvəsi daha da artır.
Bu il mən deyərdim ən möhtəşəm, uşaq futbolunu irəli aparan işlərimizdən biri regionlarda keçirdiyimiz uşaq futbolu turniridir. Bu turnir bilirsiniz ki, əvvəllər də var idi və biz bunu bərpa elədik. Turnir U-15 dünya çempionatı üçün, bizə həm də seçmə platforması olaraq çox kömək elədi.
Onu da qeyd etmək istəyirəm ki, turnir planları media tərəfindən və sosial media tərəfindən çox yaxşı rəylər toplayır və biz onun növbəti ildə formatını dəyişərək beynəlxalq turnir statusuna gətirmək istəyirik. İndidən artıq o format üzərində çalışmaq lazımdır.
Ümumiyyətlə, Azərbaycan futbolu haqqında danışanda, neqativ tərəflərini danışanda, təəssüf ki, son vaxtlar milli komandamızın çıxışlarında müəyyən neqativ hallar yaranıb. Amma onu da demək istəyirəm ki, milli komandanın yanında olmaq lazımdır. Biz bu uşaqları gələcəkdə milli komandanın şərəfini qorumaq üçün hazırlayırıq. İndidən milli komanda üzərindən neqativləri kənarlaşdırmalıyıq. Aydındır ki, ilk növbədə nəticələr lazımdır, amma yaxşı gündə də, çətin gündə də milli komandanın yanında olmalıyıq.
Bundan başqa dedik, uşaq futbolu Azərbaycan futbolunun ən böyük prioritetidir. Bundan sonra bütün əsas hədəflərimiz uşaq futboluna yönələcək. Və mən əminəm ki, bu ilki 14, 15, 16 yaşlı uşaqlar gələcəyin güclü milli komandasını formalaşdıracaqlar".
Əlisahib İbrahimli