3-cü Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, kişilər arasında dördüncü – son mərhələnin qalibi gürcüstanlı atlet David Xarazişvili (David Kharazishvili) olub.
İkinci yeri Andrey Yeqorov (Litva), üçüncü yeri Azərbaycan təmsilçisi Elşad Nəsibov tutub.
Qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olub. Leyla Abdinova (Rusiya) ikinci, Natalya Vallek (Azərbaycan) üçüncü olub.
Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.
Dörd gün davam edən yarış dörd mərhələdən ibarət olub: Qəbələ – Ağdaş (52,5 km), Ağdaş – Bərdə (63,5 km), Bərdə – Ağdam (46,8 km) və Ağdam – Xankəndi (29,2 km).
Xatırladaq ki, ultramarafon ilk dəfə 2024-cü ildə Xankəndi – Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ – Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.
Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.