"Qalatasaray"ın türkiyəli futbolçusu Yunus Akgün Rusiyanın iki klubunun transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "NTV Spor" yayıb.
Məlumata görə, Moskva ÇSKA-sı (CSKA Moscow) və "Zenit" (Zenit Saint Petersburg) 26 yaşlı futbolçu üçün 30 milyon avroluq transfer paketi hazırlayır. Hər iki klubun "Qalatasaray"la təmasa keçdiyi və bu keçid üçün ciddi büdcə ayırdığı bildirilir.
Bu transfer reallaşarsa, Yunus Akgün İstanbul təmsilçisinin tarixində 30 milyon avroya satılan ikinci futbolçu olacaq. Beləliklə, o, Saşa Boeyin (Sacha Boey) müəyyənləşdirdiyi klubun satış rekordunu təkrarlaya bilər.
Lakin futbolçunun qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətində olmadığı bildirilir. "Qalatasaray"ın yetirməsi olan Yunus Akgün əsas diqqətini komandasının çempionluq hədəfinə yönəldib. Onun transferlə bağlı yekun qərarı klub rəhbərliyinə həvalə etdiyi, mövsümün sonunda isə klubun maraqlarına uyğun addım atacağı qeyd olunur.
Qeyd edək ki, Yunus Akgün cari mövsümdə "Qalatasaray"ın heyətində 17 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun hazırkı müqaviləsində sərbəstqalma maddəsi də nəzərdə tutulmayıb.
Əlisahib İbrahimli