Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Bu gün yarış proqramının ilk hissəsində kişilərin sinxron proqramı üzrə təsnifat mərhələsi keçirilib. Bu proqramda ölkəmizi təmsil edən Maqsud Mahsudov və Hüseyn Abbasov uğurlu çıxış edərək 50.900 xal toplayıblar. Gimnastlarımız bu nəticə ilə 12-ci pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak hüququ qazanıblar.
Günün ikinci yarısında isə bizi daha bir neçə maraqlı və həyəcanlı qarşılaşma gözləyir. Belə ki, batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, eləcə də komanda hesabında final yarışları keçiriləcək.
Gimnastlarımıza növbəti çıxışlarında uğurlar arzulayırıq!