"Fənərbağça" hər yerdə qalib gələ bilər" - Köyt

"Fənərbağça" hər yerdə qalib gələ bilər" -  Köyt
"Fənərbağça"nın "Liverpul" üzərində 3:2 hesablı qələbəsindən sonra komandanın texniki məsul şəxsi Dirk Köyt gələcəyi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunda Mersisayd klubunu qəbul edən İstanbul təmsilçisi iki dəfə hesabda geri düşməsinə baxmayaraq, qalib gəlib (3:2).
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında danışan niderlandlı mütəxəssis qələbənin təsadüf olmadığını bildirib:
“Bu, çox xüsusi bir axşam idi. Çətin günlər keçirdik, lakin birlikdə qalmağa və inanmağa davam etdik. Çoxları qələbə qazanacağımıza inanmırdı. Ancaq biz özümüzə inanırdıq. Bu qələbə təsadüf deyildi, biz buna layiq idik”.
Köyt komandasının oyunöncəsi hazırlığından danışarkən 2005-ci ildə İstanbulda keçirilən Çempionlar Liqasının finalını da xatırladıb. O, futbolçularına "Liverpul"un həmin finalda 0:3 hesabından geri dönüşünü nümunə göstərərək möcüzə yarada biləcəklərini söylədiyini açıqlayıb.
Niderlandlı mütəxəssis azarkeşlərin də qələbədə böyük pay sahibi olduğunu vurğulayıb:
“Matçın ən yaxşı futbolçusu İsmayıl Yüksək seçildi, amma məncə, azarkeşlər də bu mükafata layiq idilər. Kadıköydəki atmosfer möhtəşəm idi. Bu enerjini qoruyub saxlasaq, "Fənərbağça" hər yerdə qalib gələ bilər”.
Köyt gələcəyi ilə bağlı sualı da cavablandırıb. O, yeni baş məşqçi Emre Belözoğlu ilə yaxşı münasibətlərinin olduğunu və klubda qalmaq istədiyini bildirib:
“Emre ilə uzun müddət birlikdə futbol oynamışıq və yaxşı dostluğumuz var. Səhər görüşdük, qucaqlaşdıq və bir-birimizə uğurlar arzuladıq. Mən "Fənərbağça"da çox xoşbəxtəm. Prezident mənə bu möhtəşəm klubda olmaq fürsəti verdi. Prezident məni burada istədiyi müddətcə və Emre də razıdırsa, fəaliyyətimi davam etdirəcəyəm. Mən bu klubu çox sevirəm”.
Qeyd edək ki, Köyt "Fənərbağça"nın "Liverpul" üzərindəki qələbəsindən sonra Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şanslarının olduğunu da bildirib. Bununla belə, onun sözlərinə görə, komandanın əsas diqqəti qarşıdakı Türkiyə çempionatı oyununa yönəlməlidir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər