"Sabah" oktyabrın 13-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya (Slavia Praha, Slavia Prague) ilə qarşılaşacaq. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"dan gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah"ı Çempionlar Liqasının növbəti oyunu gözləyir. "Slaviya"nı öz doğma meydanımızda qəbul edirik. Liqa mərhələsində zəif rəqiblər yoxdur. Amma müqayisə etsək, birinci qarşılaşmanın - "Mançester Yunayted"lə (Manchester United) görüşün ardından "Slaviya" ilə evdə xal qazanmaq imkanlarımızı qiymətləndirə bilərik. Rəqibin son üç oyununu izləmişəm və gəldiyim qənaət ondan ibarətdir ki, "Lans"la (Lens) görüşdə qırmızı vərəqə aldıqdan sonra son dəqiqələrdə iki qol buraxıb oyunda məğlub duruma düşdülər. Daxili çempionat matçlarında dominant oyun nümayiş etdirirlər. Sistem olaraq, üç mərkəz müdafiəçisi ilə çıxış edirlər, amma bu o demək deyil ki, onlar müdafiəyəmeyilli oynayırlar. Sadəcə olaraq bu sistem hücuma yönəlikdir, yəni arxada yalnız üç nəfər qalır, ancaq böyük qüvvə ilə rəqibi öz qapısına doğru sıxmağı bacarırlar və son iki matçda da qələbə qazanıblar. Məncə, bizə qarşı az da olsa, ehtiyatlı oyun nümayiş etdirəcəklər. Çox güman ki, "Sabah" topa nəzarət edəcək və bu zaman rəqibin əks-həmlələri çox təhlükəli ola bilər. Çünki "Lans"a vurduqları qollara baxanda bu cür epizodlardan yaxşı istifadə etdiklərin görmək olur. Komandamız belə vəziyyətlərə hazır olmalıdır. Düşünürəm ki, biz bu oyundan xal və yaxud da xallar qazana bilərik. Çətin oyundur, amma bizim hücum xəttimiz belə bir müdafiəni yarmaq iqtidarındadır. Çünki hücumda istər Coy-Lens Mikels (Joy-Lens Mickels) olsun, istər Velko Simiç (Veljko Simić, Veljko Simic), bu futbolçular kifayət qədər iti oynamağı bacaran, sürətli oyunçulardır. Meydanın mərkəzində isə çox güman ki, İvan Lepinitsa (Ivan Lepinjica), Umarali Raxmonaliyev (Umarali Rakhmonaliyev) və Aleksey İsayev (Aleksei Isaev) üçlüyü olacaq. Onların hər biri qol ötürmələri verməyi bacaran futbolçulardır. Onların da köməyi ilə qol şansları əldə etmək mümkün olacaq. "Mançester Yunayted"lə görüşdə də çoxlu epizodlar yaratdıq, lakin bu fürsətlərdən istifadə edə bilmədik. "Slaviya"ya qarşı da müəyyən qol vəziyyətlərimiz olacaq. Sadəcə olaraq bu fürsətləri reallaşdırmaq lazımdır. Düşünürəm ki, yaxşı bir oyun nümayiş etdirəcəyik. Əlbəttə ki, azarkeşlərimizdən də çox şey asılı olacaq. Onları böyük izdihamla qarşılamalıyıq. Əminəm ki, azarkeş olaraq bunun öhdəsindən gələcəyik. Səbirsizliklə bu matçı gözləyirəm".
Qeyd edək ki, "bayquşlar" ilk matçını "Mançester Yunayted"ə qarşı keçirib və 0:4 hesabı ilə məğlub olub.
Əlisahib İbrahimli