“Qarabağ” Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç haqda fikirlərini bölüşüb. Mütəxəssis qələbənin əhəmiyyətindən və komandanın çıxışından danışıb:
“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Oyunçular çox əziyyət çəkdilər və intizamlı çıxış etməyə çalışdılar. Bu da önəmli məqamdır. Önümüzdə kompakt müdafiə olunan rəqib var idi. Buna görə də səbirli oynamaq lazım idi. Bunu da bacardılar. Azarkeşlərimizi də təbrik edirəm. Bəlkə də, elə azarkeşlərimiz var ki, 1000 çempionat oyununun hamısında iştirak ediblər. Onlara təşəkkür edirəm. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq”.
Milli fasilədən sonra komandaya qoşulan və zədədən qayıdan futbolçuların vəziyyətinə də toxunan Qurbanov onların optimal formaya düşməsi üçün zamana ehtiyac olduğunu bildirib:
“Hazırda onların tam hazır olduğunu demək olmaz. Müəyyən çatışmazlıqlarımız var. Təxminən 20 gün ərzində futbolçularımızın böyük bir qismi komandadan ayrı qalmışdı, zədəli oyunçularımız da var idi. Buna baxmayaraq hamısı böyük istək və məsuliyyətlə məşq edir. Yüksək idman formasını bərpa etmək və oyun ritminə qayıtmaq üçün müəyyən zamana ehtiyac var. İstənilən halda futbolçuların yanaşmasından razıyam, həvəsli olduqları hiss olunur”.