"Çətin oyun olacağını bilirdik. Axı "Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2 xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumi oyuna görə qənaətbəxş nəticə əldə etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçu Novruz Məmmədov deyib.
Novruz "Qəbələ" ilə qarşıdan gələn matçla bağlı danışıb: "Məncə, "Rəvan" artıq özünə gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək lazımdı. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik".
Məmmədov "Qarabağ"la oyunda meydana kapitan kimi çıxmışdı. 23 yaşlı müdafiəçi Ramazan Abbasov və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxmışdı. Belədə Məmmədov cari mövsüm "Rəvan"ı kapitan kimi meydana çıxaran 3-cü futbolçu oldu. Daha öncə məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi. Novruz kapitan kimi meydana çıxması ilə bağlı da danışıb: "Mənim üçün də bir qədər gözlənilməz oldu. Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb "sarğı"nı mənə etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən seçildim. Bizim əsas kapitanımız bəllidi - Ramazan Abbasov. Sadəcə, o və vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu. Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təqyiqi artırır. Amma çalışdım ki, bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdu. Bütün komanda işə məsuliyyətlə yanaşır".
Qeyd edək ki, Novruz Premyer Liqada "Rəvan"ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu olub. Elitada 70 oyun keçirmiş komandada buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov (10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna "sarğı" ilə başlamışdı.
Fanat.az