Prezident və xanımı Olimpiya stadionunun açılışında - FOTOLAR

Prezident və xanımı Olimpiya stadionunun açılışında - FOTOLAR

Bakı Olimpiya Stadionunun açılışı olub. Fanat.az xəbər verir ki, mərasimdə prezident İlham Əliyev və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı prezidentə məlumat verib. Qeyd edib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdi və 6 mərtəbədən ibarətdi. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

Sonra İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində saxlayan İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. 

Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə İlham Əliyev, FIFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və futbol veteranları iştirak etmişdilər. Ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər