Premyer Liqanın IV turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Həmişəki kimi böyük marağa səbəb olan “Böyük oyun”dan öncə Fanat.az maraqlı məqamları oxucuların diqqətinə çatdırır.
Premyer Liqadakı son derbidə qapılara 3 qol vurulub. 2012-ci ilin 14 dekabrında Lənkəranda baş tutan oyunda meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. Azərbaycan Kubokunun finalındakı “Böyük oyun”da isə hesab açılmayıb və qalib penalti seriyasında müəyyənləşib.
Maraqlıdı ki, Premyer Liqadakı son “Böyük oyun”da qol vuran futbolçulardan heç biri indi ölkəmizdə deyil. Belə ki, “Xəzər Lənkəran”ın heyətində hesabı açan (7-ci dəqiqə) Dmitrios Sialmas mövsüm bitən kimi komandadan uzaqlaşdırılıb və hazırda klubsuzdu. 52-ci dəqiqədə bərabərliyi təmin edən Nikolas Kanales də mövsümün sonunda ölkəmizdən ayrılıb. Çilili forvard “Kolo-Kolo” klubu ilə müqavilə bağlayıb. Və derbinin qəhrəmanı, 83-cü dəqiqədə “Xəzər Lənkəran”ın qələbə qolunu vuran Adrian Pit “Makkabi”yə 0:8 hesablı məğlubiyyətdən sonra komandadan qovulub. Rumın yarımmüdafiəçi hazırda klubsuzdu.