Bildiyiniz kimi, dünən UEFA Çempionlar Liqasınını qrup mərhələsinin ilk turuna yekun vurulub. Fanat.az xəbər verir ki, Madrid “Atletiko”suda G qrupunda birinci oyununa çıxıb.
“Hindular” doğma meydanda Rusiya “Zenit"ini üstələyib– 3:1. Sözügedən qarşılaşmada çox maraqlı olay da yaşanıb. Belə ki, oyuna sonradan çıxan Leo Baptistao komanda yoldaşlarından fərqli olaraq, meydana üzərində “Azerbaijan Land of Fire” reklamı olan formayla çıxmayıb. Döyüşə atılandan az sonra isə sözügedən futbolçu qol vurub.
Madrid təmsilçisinin buna görə UEFA tərəfindən cəzalandırılması istisna edilmir. Təbii, Leonun bu hərəkəti əsasən azərbaycanlı azarkeşləri təəccübləndirdi. Beyinlərdə sual yarandı: 21 yaşlı futbolçunun ölkəmizlə bağlı reklam olmayan formanı geyməsi təsadüfdü, yoxsa bunu qəsdən edib?
İspaniya KİV-i olaya biganə qalmayıb. Yerli mətbuatın məlumatına görə, braziliyalı futbolçu sadəcə, yanlışlığa yol verib. Baptistao paltardəyişmə otağından çıxarkən formaları səhv salıb: “O qədər tələsirdim ki, geyməli olduğum formanı götürmək əvəzinə başqa forma götürmüşəm”.
Leonun göstərdiyi səbəbə rəğmən, klub rəhbərliyi narazı qalıb. Baptistao vurduğu qoldan sonra formasını dəyişib üzərində reklam olan idman geyimi ilə meydana dönsə belə, rəhbərlik tərəfindən cəzalanacağı gözlənilir.
Fanat.az