UEFA İcraiyyə Komitəsinin Xorvatiyada keçirilən iclasında 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin hansı sistemlə keçiriləcəyinə aydınlıq gətirilib. Fanat.az xəbər verir ki, seçmə mərhələdə 54 yığma komanda iştirak edəcək.
İştirakçılar seçmə mərhələnin püşkatmasından sonra hərəsində 6 komanda olmaq şərtilə 9 yarımqrupa bölünəcəklər. Bu turnirə ev sahibliyi edəcək Fransa yığması avtomatik olaraq ilk vəsiqəyə sahib çıxıb. Qalan 23 iştirakçı isə seçmə mərhələdə uğurlu çıxış etməklə istəyinə çatacaq.
Yeni sistemə görə, hər qrupdan ilk iki yeti tutan komanda birbaşa AÇ-yə vəsiqə qazanacaq. Daha bir xoşbəxt komanda isə doqquz qrupda ən yaxşı göstəriciyə malik üçüncü yerin sahibi olacaq. Qalan qrupların səkkiz üçüncü yer sahibi isə AÇ-yə son dörd vəsiqənin qalibini müəyyənləşdirməlidi. Bunun üçün həmin komandalar arasında pley-off oyunları təşkil olunacaq və daha güclülər qitə birinciliyinə yollanacaqlar.