Sovetlər dönəmində rus bölməsində təhsil alanların nə dərəcədə doğru seçim etdiyini söyləmək çətindi. Küçədə, ictimai nəqliyyatda, metroda, marketdə öz dilində qəribə ləhcə ilə danışmağın dəbdən çoxdan düşdüyü isə faktdı.
Yəqin məktəbə ilk addımlarını atanda "Əlifba" əvəzinə "Azbuka"nı öyrənməyə başlayanlar razılaşar, tədris metodu baxımından bizimkiləri xeyli üstələyən rusların rəngarəng uşaq mahnıları, qısa məzmunlu şeirləri, yanıltmacları olduqca diləyatımlıdı. Hətta filankəs filankəsovnanın “istehsalları” böyüyəndən sonra da yad dildə doğmalaşan şeirləri, nəğmələri unutmur. “Yulya malenkaya bıla, i vertilas kak yula” da yaddaşlardan silinə bilməz. Hərfi tərcümə istənilən effekti verməz. Amma yerində “yula” kimi fırlanan yanağı çilli, sarışın Yulyanı təsəvvürə gətirəndə adamın beynində nə etmək istədiyi məlum olmayan dəcəl uşaq təsviri canlanır. Fırlanır, fırlanır, başı gicəllənə qədər ... Yerə dəyir, durub yenə fırlanır...
Bəhmən Həsənov - Kemal Alispahiç - Vladislav Qədirov “üçlüy”ü ilə “hərrənbaba” oynayan “Rəvan”ı nə etmək istədiyi bəlli olmayan uşağa bənzətmək yerinə düşər. Hər mövsüm eyni hal təkrarlanır, eyni xətalar “göz oxşayır”. Ucundan tutub ucuzluğa getmək, dəfələrlə səsləndirilən tənqidləri yenidən ortaya atmaq təkrarçılıq sayılar. Yerində fırlanmaqdan isə xeyir tapan olmayıb. İstər oyuncaq olsun, istər adam, istərsə də klub. Böyümək üçün bir balaca improvizasiya lazımdı. Ən azı baş məşqçi postuna yeni çalışdırıcı gətirərkən peşəkarlara oxşamağa çalışmaqla, irəli addım atmaq olar. Məgər bu qədər çətindi?