"Xəzər Lənkəran"ın baş məşqçisi savadsızdı". Fanat.az xəbər verir ki, bu sözləri "Space" kanalında yayımlanan "Qol" verilişində Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov deyib.
Əvəzedicilərin çemponatının "Rəvan" - "Xəzər Lənkəran" oyununda baş hakimin öncə penalti qərarı verməsi, daha sonra isə fikrindən daşınması qonaqların etirazına səbəb olmuşdu. Hətta Lənkəran klubunun əsas heyətinin baş məşqçisi də olaya münasibət bildirmişdi. Xaqani Məmmədov isə cavabında bunu normal hadisə adlandırıb: "Futbolda belə şeylər həmişə olub. Köməkçi hakimlər baş hakimə hansısa epizodda kömək edirsə, doğru qərar verdirirsə, burda pis nə var ki? Hər ölkədə belə şeylər yaşanır. Amma görün Toşakın futbol biliyi hansı səviyyədədi ki, bunları bilmir. Bunlar onun savadsızlığının göstəricisidi. Mən hələ də başa düşə bilmirəm ki, belə adamlar klublarda necə işləyirlər?"
Hakimlər Komitəsinin sədrinə "Xəzər Lənkəran"ın cavabı da gecikməyib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com saytına açıqlamasında bunları deyib: "Rəvan" və "Xəzər Lənkəran" klublarının əvəzedici komandalarının oyununda Toşakı təəccübləndirən məqam o idi ki, baş hakim penalti qərari verir, sarı vərəqə göstərir, laysman dinmir. Yalnız ev sahibi komandanın ciddi və israrlı etirazından sonra laysman baş hakimə qərarına dəyişməyə kömək edir. O ki, qaldı Xəqani Məmmədovun Toşakın səviyyəsini muzakirə etməyə, Xəqani Məmmədov nəinki Toşakın səviyyəsini, onun 35 il öncə mıxdan asdığı butsunun ipini belə müzakirə etməyə gücü və biliyi çatmaz. "Real"ın heç 10 yaşlı futbolçularının oyununu idarə etməyən keçmiş referinin "Real"ın (Madrid) əsas komandasinin baş məşqçisinin səviyyəsindən danışmağı gülüncdü. Xəqani Məmmədovun səviyyəsini Anar Salmanov, Rəhim Həsənov, Elnur Muradovun verdiyi qərarlarla biz cox gözəl ölçürük".