Tipik çayxana söhbəti – 2XƏYALLARIN QANADINDA

Tipik çayxana söhbəti – 2XƏYALLARIN QANADINDA

“Neftçi” – “Qarabağ” oyunundan öncə iki dostun - futbol azarkeşlərinin addımbaşı rast gəlinən çayxanaların birində  “Avropa derbisi”ndən nə danışdığını yazmışdıq. Həmin futbolsevərlər həmin çayxanada bu gün də əyləşmişdi.

- Bəs deyirdin bilet tapacam sənə, gördün, o soyuqda bayırda qaldım.

- Vallah, mən o boyda ajiotaj gözləmirdim. Həmişə vaxtında bilet almayanda 5 manat bahasına da olsa, tapmışıq də.

- Adam çox idi?

- Dəlixana eee. Çox da sözdü? Polislər tribunaların arasındakı pilləkənlərdən camaatı güclə təmizlədi.

- De, sən öl...

- Sən niyə ölürsən, səni içəri buraxmayan mühafizəçi ölsün.

- Doğurdan bambılı gədəydi ha... Qoyasan dağıla da sifəti...

- Ən yaxşısı vaxtında bilet alıb ona-buna ağız açmamaqdı. Oyuna yarım saat qalmış 30 manata satırmışlar e. 50-yə də alan olub.

- Qaqa, belə götürəndə, “Avropa derbisi”nə 50 manat verib canlı baxmağa da dəyərdi. Heyif üstümdə o qədər yox idi.

- Televizorda qollara baxmadın?

- Hansı qollara? 0:0 qurtarmadı oyun? Sən stadiona girəndən sonra “Orduxan” kafesində baxdım də, axıra qədər. İnanırsan, kafedə də yer yox idi e. 50 manatlıq sifariş verməyəni bayıra çıxardırdılar. Yalvar-yaxarla baxdım.

- "Orduxan” hansıdı, ə, o Qaragilin işlətdiyi?

- Hə.

- Qudurublar e lap.

- Azarkeşlərin qaldırdığı plakatlara nə yazılmışdı? Televizorda bir şey başa düşmədim.

- Hər komandaya azı 4-5 min fanat azarkeçlik edirdi. Dağıdırdılar stadionu. Adama elə gəlirdi ki, bu dəqiqə tribunalar yerindən qopacaq. Plakatları da bir-bir oxudum, ləzzət elədi.

- Ürəyim partladı, de görək nə yazmışdılar də...

- “Yasına gəlmişik, Neftçi”.

- Bunu ağdamlılar yazar.

- Hə.

- Qəşəng söhbətdi. Elə prinsipiallığı artıran belə plakatlardı də.

- "Qızıl bizim, qalanı sizin”, “Qapıdan qayıdanlara girişi göstərərik” necədi bəs?

- Super. Yəqin “Qarabağ”ın çempionluğa həsrət qalmağına, Avroliqanın qrupuna düşə bilməməyinə “ilişiblər”. Zor söhbətdi haa.

- Derbi adına layiq keçdi. 0:0-a baxma. Yoxsa iki komanda çıxır meydana. Azarkeşlər də oyuna rəng qatmaq əvəzinə başlayırlar bir-birinə üzgörənlik etməyə. Qarşılıqlı alqış, zad. Ətim tökülür də belə ab-hava görəndə. Guya indi centlmendilər də.

- Qulaq as, o “bokovoy”un biri içkili çıxmışdı oyuna?

- Yox ə, nə danışırsan, əvvəlki vaxt deyil e, fasilədə “sudyalar”a toyuq kəsələr, “tutovka” verələr.

- Bəs niyə bayrağı göydə qalmışdı?

- Ofsaydlara görə deyirsən?

- Hə.

- Bəlkə də soyuqdan qolu qıc olubmuş, utandığından 4-cüyə deməyib Nə vaxt baxdımsa, bayrağı göydə idi...

- Heç soruşmadım e, “Real” necə oldu ki, uduzdu?

- Cəhənnəmə uduzsun. Mənə “Real” lazımdı? Düzünü desəm, bu “Avropa derbisi”ndən sonra “Real”a, “Yuventus”a itirdiyim vaxta heyfim gəldi. Birigün ayın 3-dü ha. “Neftçi” – “Hapoel”ə gedəcəyik?

- Narahat olma bilet almışam.

- “Qarabağ”ın APOEL-lə səfər oyununa necə baxaq?

- Avroliqa oyunları eyni vaxtda başlayır.

- Eybi yox, stadionda “hesabı sıxarıq”.

- Çayını iç, gedək.

- Yenə poçta qazpulu ödəməlisən?

- Yox, nənəm aş bişirib, acından da ölürəm...

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər