"Artıq üçüncü ildi ki, "Qəbələ"də çalışıram. Daha öncə akademiyanın U-12 və U-17 komandalarına rəhbərlik etmişəm. Artıq əvəzedici komandaya təyinatım rəsmiləşib. Bu isə daha böyük məsuliyyət deməkdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin əvəzedici komandasına baş məşqçi təyin olunan Ramin Quliyev deyib.
Hazırda Ərzurumda - əsas komandanın düşərgəsində olan məşqçi təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb: "Əsas komanda ilə birbaşa əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Hazırda əsas komandanın düşərgəsindəyəm. Bura gəlməkdə məqsəd əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarlarla əyani tanış olmaqdı. Məşqləri izləyir, lazımi qeydləri aparır və baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıram. Məqsədimiz futbolçuların əvəzedici komandadan əsas komandaya keçərkən oyun planında çətinlik çəkməməsi, kollektivə tez uyğunlaşmasıdı. İnanıram ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyəm və mənə olan inamı doğruldacağam".
Fanat.az