Topaz Premyer Liqasında mövsümə uğursuz start verən “Rəvan” “Bakı”ya böyükhesabla (0:5) yenildikdən dərhal sonra yeni baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Fanat.az xəbər verir ki, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib, uğursuzıuq zolağından çıxmağın yolları müzakirə olunub. Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə “əl gəzdirmək” izni də verib.
Bu gün isə baş məşqçi islahatlara başlayıb. Təxminən 1 həftədi komandanın “sükan”ını idarə edən Qədirov məşqlərdə və konkret “Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov “Rəvan”dan göndərilib. Daha doğrusu, hər iki futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib. “Rəvan” adıçəkilən futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Nodar cəri mövsümdə “Rəvan”ın hər üç oyununda 90 dəqiqə oynayıb. Bəxtiyar isə 2 matçda 59 dəqiqə forma şansı qazanıb.