Mançini olduğu kimi - FOTOLAR

Mançini olduğu kimi - FOTOLAR

"Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançini dünyanın ən yaxşı mütəxəssisləri sırasında göstərilir. "Latsio", "Fiorentina", "İnter" və "Mançester Siti" ilə 12 kubok qazanan 48 yaşlı italyan çalışdırıcı transferlərə həddən artıq pul xərcləməsi ilə məşhurdu. Xüsusən də "Mançester Siti"də yeni oyunçuların alınması üçün rəhbərliyə pullar xərclədən Mançini bunun qarşılığında komandanı uzun illərdən sonra çempion etdi və titul fonunda pul arxa plana keçdi. Amma ötən mövsüm həm Premyer Liqada, həm də Avropadakı uğursuz çıxış onun üçün son oldu. Daim gözəgəlimli geyimləri ilə diqqət çəkən italyan mütəxəssisin əsas problemi futbolçularla yola getməməsidi.

Ailəsinə sadiq Mançini

20 ildən artıqdı Federika ilə evli olan Mançininin adı heç vaxt maqazin xəbərlərində hallanmır və həyat yoldaşına həmişə sadiq olub. Onların bu evlilikdən iki oğlu və bir qızı var. Filippo və Andrea adlı oğulları "İnter" və "Mançester Siti"nin aşağı yaş qruplarında forma geyir. 

Dindar insan

Qatı bir katolik olan Mançini xristianların müqəddəs şəhərlərindən olan Bosniya və Hersoqovinanın Medcuqorce şəhərini ziyarət etmişdi. İtalyan mütəxəssis tez-tez ailəsi ilə birlikdə kilsəyə baş çəkir.

Metroda gəzməyi sevir

Mançini İngiltərədə işlədiyi müddətdə şəxsi avtomobili əvəzinə metrodan istifadə etməyi üstün tuturdu. "Emirates" stadionunda keçirilən "Arsenal" - "Mançester Siti" oyununa belə metro ilə getmişdi.

Şərfli adam

Mançini futbol dünyasının ən yaxşı geyinən baş məşqçilərindən biridi. Xüsusən "Mançester Siti"də işlədiyi dövrdə boynundan açmadığı şərfi ilə özünə bir imic formalaşdırıb.

44 il sonra gələn zəfər

2011/12 mövsümündə "Mançester Siti"ni 44 illik fasilədən sonra Premyer Liqa çempionu edən Mançini komandaya Federasiya Kubokunu və ölkə Superkubokunu da qazandırmaqla tarixə düşdü. "İnter"ə 3 İtaliya çempionluğu, 2 ölkə kuboku və 2 superkubok qazandıran italyan mütəxəssis "Latsio" və "Fiorentina"da da İtaliya Kubokunun qalibi olub.

Tevez problemi

İtalyan mütəxəssisin "Mançester Siti"də ilk problemi Karlos Tevezlə yarandı. Argentinalı futbolçu 2011-ci ilin 27 sentyabrında "Bavariya" ilə keçirilən Çempionlar Liqası matçının gedişində meydana çıxmaqdan imtina etmiş və bu zaman çalışdırıcı ilə forvard arasında dava düşmüşdü. Daha sonra Tevez komandadan göndərilmişdi.

Balotelli ilə dava

Mancini daha sonra Mario Balotelli ilə dava etmişdi. İkilinin arasında ötən il məşqdə dava düşmüş və onların bir-birlərinin yaxasından tutduqları şəkil mətbuatda yayımlanmışdı. Davaya səbəb isə italyan futbolçunun komanda yoldaşına qarşı kobud oynaması olmuşdu.

Qəzetdə elan verdi

2012/13 mövsümü "Mançester Siti" üçün xəyal qırıqlığı oldu. Bunun nəticəsi olaraq klub mövsümün bitməsinə iki həftə qalmış baş məşqçi ilə yollarını ayırdı. Mançini isə azarkeşlərlə ilginc şəkildə vidalaşdı. Qazandığı kuboklarla çəkdirdiyi şəkillə İngiltərə qəzetinə elan verən mütəxəssis "3 unudulmaz il... Həmişə qəlbimdə olacaqsınız" sözləri ilə fanatlarla sağollaşmışdı.

Azarkeşlər unutmadı

"Mançester Siti" azarkeşləri də onun bu jestini unutmayaraq, İtaliya mətbuatında elan vermişdi. "La Gazzetta dello Sport"da yerləşdirilən elanda "Təşəkkürlər Mançini, hər zaman bizdən birisən" deyilirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər