"Bilirik ki, qarşıda iki vacib oyunumuz var. Ona görə də məşqlərdə nə gücümüz varsa ortaya qoyuruq ki, oyunlar zamanı bizim üçün asan olsun". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Mahir Şükürov deyib.
"Neftçi"nin futbolçusu yığmanın qarşıdakı rəqibləri barədə fikir bildirib: "Şimali İrlandiya güclü komandadı. Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq. Rusiya yığması da güclü rəqibdi. İstəyirik ki, onları da büdrədək və bununla da, 2 il əvvəl Rusiya yığmasına qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək".
Şükürov qrupda sonuncu pilləni tutmaq istəmədiklərini deyib: "Bilirik ki, Şimali İrlandiya millisi ilə oyunda qalib gəlməsək, qrupda sonuncu yeri tuta bilərik. Ona görə də istəyirik ki, qalib gəlib 8 xal toplayaq və yuxarı pillələrə qalxaq".