Ferqyusonu geridə qoyan türk: 50 il

Ferqyusonu geridə qoyan türk: 50 il

Türkiyə mətbuatı maraqlı fakt açıqlayıb. Fanat.az xəbər verir ki, bir baş məşqçinin 50 ildi eyni komandanı çalışdırdığı məlum olub.

Belə ki, həvəskarlar liqasında çıxış edən Ordu təmsilçisi "Esnafspor"a Aziz Tokat başçılıq edir. 74 yaşlı mütəxəssis klub yaradıldığı gündən - 1963-cü ildən baş məşqçi postunu tutur. Aziz Tokat komandanın başına keçəndə cəmi 24 yaşı olub.

1963-cü ildə ordulu kiçik biznesmenlər tərəfindən qurulan kluba başçılıq edən Aziz Tokat Türkiyə mətbuatına açıqlamasında başqa komandalardan aldığı təklifləri qəbul etmədiyini bildirib: "Dəfələrlə başqa klublardan təklif almışam, amma qəbul etməmişəm. Bundan sonra da qəbul etmək istəmirəm. Biz bu komandanı çətin şərtlər altında qurduq. Bəzən paltarlarımızı da özümüz yumuşuq. Yeri gələndə öz cibimizdən futbolçuların maaşlarını ödəmişik. Amma heç vaxt komandadan getməyi düşünməmişəm. Mən getsəm, bu klub dağılacaq. Klub dağılmasın deyə 50 ildi baş məşqçilik edirəm".

Tokat bəzi tanınmış futbolçuların onların yetirməsi olduğunu bildirib: "Orduspor" başda olmaqla bir çox komandalar üçün futbolçu yetişdirmişik. Hələ də bir neçə liqada oynyayan yetirmələrimiz var. Onları görəndə fəxr edirəm".

Qeyd edək ki, bu yay "Mançester Yunayted"dən ayrılan Aleks Ferqyuson komandaya 27 il başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər