Böyük qələt - GÜNDƏM

Böyük qələt - GÜNDƏM

Yaxşı pul qarşılığında transfer edilməsinə rəğmən, ümidləri doğrultmayan legionerlər yumurtamayan toyuq qədər lazımsızdı. Əslində, yumurta həvəsinə düşüb anaş toyuq almaqla, klubu ağ günə çıxarmaq üçün heyətə oyunçu qatmaqda oxşarlıqlar az deyil. Müstəvilər fərqli olsa belə, pul bahasına başa gələn “fıs çıxanda” qəribi ağlamaq tutur. Bu başqa məsələ ki, toyuğa yediyi buğdanın halallığını vermirlər, futbolçuya haqq etmədiyi təqdirdə, apardığı pulun...

Maliyyə “fair-play”inə tüpürən, dünya futbolunda fırlanan paraların əndazədən çıxmasında böyük rol oynayan 2-3 klubdan biri də Madrid “Real”ıdı. “Qalaktikos”un bu yay uelsli Qaret Beylə görə 100 milyon xərcləməsi isə mətbuat və futbol adamları tərəfindən birmənalı qarşılanmadı. “Tottenhem”də parlayan Beylin inanılmaz məbləğdə pul qarşılığında iş yerini dəyişməsi madridlilərin “Barsa”yla nüfuz müharibəsindən qalib çıxmaq çabasından başqa bir şey deyildi. Razılaşaq ki, britaniyalı ağ futbolkada sadəcə, çulunu sudan çıxarmaqla kifayətlənib. Daha doğrusu, nəinki 100, heç 50 milyon avroya dəyən oyun da göstərməyib.

Üstəlik, azarkeşlər sol ayağında zədə aşkarlanan ulduzu bu gecə Çempionlar Liqasında - “Kopenhagen”lə oyunda görməyəcək. Nə vaxt sağalıb sıraya dönəcəyi haqda isə məlumat verilmir. Beylin zədəsi ciddi olsa, tənqidlər yenidən şiddətlənəcək. 

1999-cu ildən bəri həmşəhərlisi “Atletiko”ya çempionatda uduzmadığı halda, son turda boyun əyən “Kral Klubu” hazırda La Liqada 3-cü pillədədi və özündən irəlidəkilərdən - kataloniyalılarla “hindular”dan 5 xal geri qalır. 7 tur üçün ciddi əskiklikdi!

Bizim iddialıları “Real”la tərəzinin bir gözünə qoymaq fikrimiz yoxdu. Amma iaşvililər, gelaşvililər, platyelər, qliqorovlar elə Azərbaycan futbolunda maksimum sayılan 300-400 minlərin qarşılığını verə bilməyən beyllərdi. “Real” boyda klub 100 milyon xərcləyir, biz 300 minlik səhv edəndə, gözlərinə girir” məntiqi ucuz təsəllidi. Böyük Avropa klubunun böyük qələti göz önündədi. Belələrindən öyrənməyə dəyməz.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər