"Bu gün biz hamımız qalib gəldik. Çox çətin oyun oldu. Amma uşaqlar ikinci hissədə komanda oyunu göstərə bildilər". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Şimali İrlandiya ilə oyundan sonra keçirilən mətbuat konfransında çıxış edən alman çalışdırıcı ilk yarıda zəif oynadıqlarını bildirib: "Birinci hissədə çoxlu səhvlərimiz var idi. Buna görə də ilk yarıdakı çıxışımızdan narazı qaldım. Mövqe səhvlərinə yol verirdik, hücumda daha diqqətli oynaya bilmirdik. İlk yarıda bəxtimiz də gətirdi. Rəqib bir yox, bir neçə qol vura bilərdi. Lakin müəyyən taktiki dəyişikliklərdən sonra komanda gözəl futbol nümayiş etdirdi. Bu qələbə yığmamız üçün böyük addımdı".
Foqts 8 xalın onun üçün aşağı göstərici olduğunu bildirib: "Bu mənim üçün azdı. 8 xala qane ola bilmərəm. Lüksemburqu hər iki oyunda uda bilərdik. İrlandiyada heç nədən qol buraxdıq".
Alman çalışdırı Rusiya ilə oyunda dəyişikliklərin olacağını bildirib: "Dəyişikliklər olacaq. Çünki bu çətin oyundan sonra baxmalıyam, görüm, futbolçular nə vəziyyətdədi. Növbəti oyunda cəzası bitən Ruslan Abışov da olacaq".
Foqts "Rəqib baş məşqçi dedi ki, siz futbolçularınızın hərəkətinə görə üzr istəmisiniz. Hansı hərəkətlərə görə" sualına belə cavab verib: "İnanmıram elə bir söz deyib. Mən niyə üzr istəməliyəm? Bunun üçün səbəb yoxdu. Əksinə, o üzr istəməlidi ki, ilk oyunda son dəqiqədə heç nədən qol vurdular".
Fanat.az