Topaz Premyer Liqasının XI turunun “Sumqayıt”la qarşılaşması “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin Azərbaycan karyerasında 250-ci matç olacaq. Fanat.az xəbər verir ki, ölkəmizdə əvvəl “Standard”, sonra “İnter”i çalışdıran gürcü mütəxəssis bu iki komandanı üst-üstə 249 matça çıxarıb.
Bu qarşılaşmalarda 127 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun yetirmələri 334 qol vurub, 199-nu buraxıb.
2009-cu ilin yayından “İnter”də çalışan Tsxadadzenin bu matçlarından 219-u indiki postunda baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dı.
2008-ci ildə “Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir. Burda Tsxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.
Qeyd edək ki, qonşu ölkədən olan mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı olub. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi postunda baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Tsxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı "Birlik kuboku", 16-sı avrokubok matçıdı.
Fanat.az