XI YUXU - Əfqanıstan prezidenti: "Baş katibi xaricdən gətirin"

XI YUXU - Əfqanıstan prezidenti: "Baş katibi xaricdən gətirin"

- Hər vaxtınız xeyir, Əşrəf dayı.

- Salam, oğul. Nə əcəb, uzaq Azərbaycandan məni yad etmisən?

- Gözaydınlığı vermək istəyirəm.

- Nə olub ki?

- Siz - Əşrəf Qani Əhmədzay millinizin Azərbaycan yığmasını arxada qoymasından bixəbərsiniz ki, bu cür sual verirsiniz?

- Bilirsən, oğul, Əfqanıstanda o qədər problemlər var ki, prezident kimi həmin məsələlərin həlli ilə məşğulam. Futbol-mutbol mənlik deyil. Bizdə nə peşəkar klub var, nə stadion, nə də peşəkar futbolçular. Elə-belə, atışma olmayanda dilxoşluq üçün çıxıb oynayırlar.

- Müharibə şəraitində futbol yığmasının inkişafı doğrudan da çətin məsələdi...

- Tək futbol deyil, idmanın istənilən sahəsini inkişaf etdirmək qeyri-mümkündü.

- Əşrəf dayı, bəs necə oldu ki, yığmanız günü-gündən inkişaf edən milli komandamızı arxada qoymağı bacardı?

- Bildiyimə görə, sizin futbolun rəhbəri neft maqnatıdı, yəni maliyyə sarıdan probleminiz yoxdu. Ancaq bu cür insanların ümdə vəzifələri yalnız maddi cəhətdən problemləri həll etmək olur. Onun yanında mütləq peşəkar işçiləri olmalıdı. Federasiyanızın vitse-prezidentləri və baş katibi mükəmməl futbol biliciləri olmalıdı. Sizdə ümumiyyətlə, futbol hansı səviyyədə olub? Veteran futbolçularınız yoxdu?

- SSRİ süquta uğrayana qədər bir klubumuz olub. O da tarix ərzində bir dəfə bürünc medala sahib görülüb. Sonralar müxtəlif dövrlərdə parlayan simalarımız olub. Lakin İcraiyyə Komitəsində yer aldıqdan sonra nəyə səs verdiklərinin fərqinə varmadan daim əllərini "lehinə" qaldırırlar.

- Bəs vitse-prezidentlər, baş katib necə? Bu vəzifələrdə futbol adamlarıdı, yoxsa..?

- İşləyə-işləyə öyrənirlər də futbolu. Artıq dəqiq bilirlər ki, meydana daxil olarkən hər iki komandanın heyətində 11 oyunçu olmalıdı.

- Baş məşqçiniz də deyəsən Foqtsdu, eləmi?

- Yox, yola saldılar. Alman mütəxəssisin 7 illik fəalliyyətinin nəticəsidir ki, yığmamız prezidenti olduğunuz ölkədən də aşağı pillədə qərarlaşıb.

- Foqtsu gətirən sizlər olmamısınız ki?

- Bizlər deyəndə, baş katib gətirmişdi. Bizə deyilirdi ki, yığmanın güclənməsi üçün mütləq tanınmış əcnəbi məşqçiyə ehtiyac var. Foqts da gəldikdən sonra gündə bir əcnəbiyə milli pasport verib, əyninə formanı geyindirib, buraxdı meydana. Nəticəsi də belə.

- Bədbinliyə qapılmayın. Əminəm ki, nə vaxtsa milliniz bizdən üst sıralara yüksələ biləcək.

- Sizcə, bunun üçün nə etmək lazımdı?

- Görürəm sizin xalqda özünəinam hissi ifrat dərəcədə kiçildilib. Bir halda ki, yerli mütəxəssislərinizə güvənmirsiniz, bir halda ki, əcnəbi futbolçuların xidmətindən yararlanmağı daha üstün tutursunuz, bir məsləhət verim. Əgər məşqçi və futbolçuları xaricdən gətirməklə işiniz irəli getməyibsə, elə baş katibi dəyişin. Qoy bu vəzifədə əcnəbi çalışsın. Bəlkə xeyri dəydi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər