Xəşil qazanını kim yuyacaq? - GÜNDƏM

Xəşil qazanını kim yuyacaq? - GÜNDƏM

10 illiyində komandaya çempionluq sevinci yaşatmaq üçün gətirilmişdi...  Arzuları quyunun dibinə salıb getdi! Ötən mövsümün ikinci yarısında “arxa cəbhə”də başını girləyən “Xəzər Lənkəran”ın bu çalışdırıcı ilə daha artığına nail olacağına yalnız axmaqlar inanardı. Niyə? Cavab sadədi: Con Toşak karyerası ərzində orta səviyyəli futbolçulardan yaxşı komanda formalaşdırmaq bacarığını göstərməmiş çalışdırıcı idi. İşlədiyi ünlü klublarda yüksək səviyyəli ifaçıları oyunlara çıxaran adamın nüfuzundan yararlanıb “gəmiçilər”in heyətinə usta isimlər qatacağını düşünənlərin isə arzusu gözündə qaldı.

Britaniyalı yalnız şəxsi “çəki”si hesabına yaxşı kollektiv formalaşdıra bilərdi ki, bunu da etmədi. Lənkəran klubunun əcnəbi mütəxəssisə istədiyi şəraiti yaratmaması söhbət mövzusu ola bilməz. Sadəcə, uelsli uğura aparan cığırı tapmağı bacarmadı. Onu yayda komandası Makkabi “Hayfa”sından iki oyunda 10 cavabsız qol “yeyəndə” göndərməli olanlar isə gecikdi.

“Xəzər Lənkəran” aldığı ardıcıl darmadağınlardan sonra turnir cədvəlində tutduğu mövqe tam qanunauyğundu. Belə oyun, belə heyətlə cənublular ilk beş komanda arasında boy göstərsəydi, durum təəccüblərə meydan verərdi. Britaniyalı praktiki olaraq uğur üçün hər hansı cəhddə bulunmamışdı. Nildolarla, zohairlərlə, qliqorovlarla, ramaldanovlarla çempionluqdan dəm vurmaq camaatı barmağına dolamaqdan başqa bir şey deyil. Lənkəranda velosiped sürüb özünü yerli publikaya bir köynək yaxın göstərməklə deyildi ki...  Toşak ya azarkeşlərlə məzələnməyi qarşısına məqsəd qoymuşdu, ya da məzələnə-məzələnə çempion olacağına ürəkdən inanıb ciblərini doldurmağı hədəfləmişdi. Haqq etdiyindən artıq pul apardığını bilirik. Verdiyi isə sambalı bəlli superkubok oldu, başqa heç nə! Heç özündən sonra gələnə 50-60 faiz hazır vəziyyətdə olan komanda da buraxmayıb. İndiki kollektivi ortabab səviyyəsinə gətirmək üçün qışda ciddi seleksiya və oyun planında əsaslı yenidənqurma işləri aparmaq lazımdı.

Toşakın oyun fəlsəfəsi ilə heyətdəki futbolçuların potensialı ümumiyyətlə uzlaşmırdı. Nəticədə alınan xəşilin necə daddığını isə hamıdan yaxşı lənkəranlı azarkeşlər bilir. Nə isə... Uelslinin gedişinə gəlişindən çox sevinənləri təbrik etməyə dəyər.  Qalır xəşil qazanını yaxşı-yaxşı təmizləyib zəngin cənub mətbəxinə, yerli tərəfdarların ağız dadına uyğun bir şey bişirmək... Bu qaba xəşil yaraşmır!

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər