Topaz Premyer Liqasında XVI turunda fərqlənən futbolçular müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı futbolçusu "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silva olub.
Topa sahib olmada “Qəbələ” və “Qarabağ”, hücum sayında isə “Neftçi” və “Sumqayıt” klubları fərqləniblər. “Gənclik şəhəri”nin təmsilçiləri ötən tur rəqib qapısına hamıdan çox zərbə endirib, həmçinin, digərlərindən daha çox top itkisinə yol verib. Dəqiq ötürmələrdə paytaxt təmsilçiləri - “Neftçi” və “İnter”in futbolçuları digərlərindən üstün olub. AZAL və “Qarabağ” futbolçuları hərəyə 4 dəfə oyundankənar vəziyyətə düşüb. Paytaxtın eyniadlı komandası ötən tur 8 künc zərbəsi ilə digər komandaları bu göstəricidə üstələyib.
Komanda yoldaşlarına ən çox ötürmə edən Rəşad Sadiqov (Neftçi), rəqib qapısına ən çox zərbə endirən Daniel Subotiç (Qəbələ), hava mübarizələrində hamıdan uğurlu isə Anderson Oliveyradı (Simurq).
Fanat.az