İngiltərənin “Arsenal” klubu “Real Madrid”in braziliyalı vingeri Vinisius Junioru (Vinícius Júnior, Vinicius Junior) transfer etmək niyyətindən əl çəkməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Fichajes” yayıb.
Məlumata görə, London təmsilçisi 26 yaşlı futbolçunu gələn ilin transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir. “Arsenal”ın əsas məqsədi sol cinah hücumunu gücləndirməkdir.

Vinisius Junior cari mövsümdə gözlənilən performansı nümayiş etdirə bilməyib. Braziliyalı futbolçu keçirdiyi 10 oyunda cəmi bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb. “Vilyareal”la (Villarreal) qarşılaşmada aldığı qırmızı vərəqə də onun vəziyyətini çətinləşdirib.
“Real Madrid” futbolçunun mümkün satışını nəzərdən keçirə bilər. Lakin Madrid klubunun Vinisius üçün təxminən 150 milyon avro tələb etdiyi bildirilir. Bu məbləğ “Arsenal”ın transfer planlarını çətinləşdirə bilər.
Vinisius Junior 2018-ci ildən “Real Madrid”də çıxış edir. O, Madrid klubunun heyətində indiyədək 129 qol vurub və 103 məhsuldar ötürmə verib.
Qeyd edək ki, braziliyalı futbolçunun “Real Madrid”lə müqaviləsi 2032-ci ilin iyununa qədər qüvvədədir.
Əlisahib İbrahimli