"Xəzər Lənkəran"a yeni baş məşqçi təyin olunduqdan sonra komanda ilə bağlı hər saat bir iddia ortaya atılır. Bu gün də deyildi ki, komandanın yeni baş məşqçisi Mustafa Dənizli cinah müdafiəçisi Rodomir Todorovu komandadan göndərməyi planlaşdırır. Səbəb isə futbolçunun məşqlərdə özünün yaxşı tərəfdən göstərə bilməməsidi. Gedəcəyini başa düşən Todorov da özünə yeni klub axtarmağa başlayıb. Hətta Bolqarıstanın "Spartak" klubuna keçəcəyi də deyildi.
Məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək üçün komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Daş atıb, başını tutan klub rəsmisi bu iddianın gülünc olduğunu, hətta Todorovun Azərbaycan jurnalistlərinə heyran qaldığını da dilə gətirib: "Todorov bildirdi ki, bu yalan informasiya biabırçılıqdı. O heç bir klubla danışıq aparmır. Üstəlik, keçəcəyi iddia olunan komanda 2 il bundan qabaq maliyyə böhranı ucbatından bağlanıb. Ona görə də, bu kimi iddiaları ortaya atarkən dəqiqləşdirmək lazımdı".
futbol11.az