Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün sonuncu - 5-ci yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini Ukrayna klubu ilə oyunda sınayıb.
Belə ki, "Simurq" "Volın" klubu ilə qarşılaşıb. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Simurq"un Rəşad Eyyubov və Nicat Muxtarov fərqlənib.
Qeyd edək ki, "Voln" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsianinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla "Neftçala"nın çalışdırıcısı Kamal Quliyev, karyerasını davam etdirən qapıçı Cahangir Həsənzadə vaхtı ilə "Volın"ın formasını geyinib. Yanvarın 21-də "Volın" "Neftçi" ilə qarşılaşıb və 3:4 hesabı ilə yenilib.
"Simurq" bundan əvvəl Antalyada 4 oyun keçirib. "Şaxtyor"a (Qazaxıstan) qalib gələn (3:0) zaqatalılar "Duysburq"a (Almaniya) 1:4, "İrtış"a (Qazaxıstan) 0:3 hesabı ilə yenilib, "Astra" (Rumıniya) ilə "sülh" bağlayıb - 0:0.
Antalya
Yoхlama oyunu
24 yanvar
Simurq (Azərbaycan) - Volın (Ukrayna) 2:0
Qollar: Rəşad Eyyubov, 18. Nicat Muxtarov, 85.
Simurq: Pavel Kapsa, İlkin Qırtımov (Kənan Müslümov), Tural Axundov, İdan Vaytsman (Banas Adam), Melli, Samir Zərgərov (Nicat Muxtarov), Reşad Eyyubov (Elnur Abdullayev), Vadim Abdullayev (Vüqar Mustafayev), Marko Stanoyeviç (Stepan Polyak), Patrik Osiako, Draqan Çeran (Oruc Balaşlı).
Fanat.az