"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem UEFA-nın saytına müsahibə verib. Fanat.az makedoniyalı futbolçunun müsahibəsini təqdim edir.- Avropa Liqasının pley-off matçında "Tvente"ni məhz sizin qolunuz sayəsində sıradan çıxarmaq mümkün oldu. Həmin qarşılaşma haqda təəssüratlarınızı bilmək maraqlıdı.- Əlbəttə, həmin görüşü xoş xatirə kimi yadıma salıram. Evdə keçirdiyimiz ilk oyunda pleymeker mövqeyində oynayırdım. Enshededə isə baş məşqçi Qurban Qurbanovun qərarına əsasən sol kənar yarımmüdafiəçisi kimi çıxış edirdim. Oyundan öncə uşaqlarla sözü bir yerə qoyduq ki, "Qarabağ"ın və Azərbaycan futbolunun yeni tarixini yazaq. Ən əsası isə özümüzə inanırdıq.Ümumiyyətlə, komandamızda mehriban, ailə münasibətləri qurulub. Zənnimcə, uğurumuzun əsas səbəbi budu. Düzgün seçilmiş taktika, uğurlu oyun və xoş əhval-ruhiyyə güclü "Tvente" səddini aşmağımızın resepti oldu. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, həmin oyunda baş məşqçimizin bütün tapşırıqlarını yerinə yetirdim. Bütün görüşlərdən sonra oyunumu təhlil edib, səhflərimi düzəltmək və bir daha təkrar etməmək üzərində çalışıram.- Qrup mərhələsinin ilk turunda "Qarabağ" evdə "Sent-Etyen"lə qolsuz bərabərliyə qaldı. Fransızlar Sizi nə iləsə təəccübləndirdi?- Qarşılaşmadan öncə gözəl oyun sərgiləyib məğlub olmaq haqqında fikirləşmirdik. Özünə hörmət edən heç bir futbolçu bu fikri yaxın buraxmaz. Etiraf edim ki, meydana çıxmadan heç-heçəyə razılaşardıq. Axı rəqib adlı-sanlı və Avropanın ən güclü çempionatlarından birində çıxış edir. Ancaq oyundan sonra heç-heçəyə üzülən tərəf biz idik. Bütün hallarda debüt oyunu üçün 1 xal münasib nəticədi. Həmin görüş isə artıq geridə qalıb.- Bəs "İnter" kimi dünya şöhrətli rəqiblə məşhur "San-Siro"da oynamaq necə idi?- Milana oyundan bir neçə gün əvvəl yollanmışdıq. İstəyirdik iqlimə, meydançaya maksimum öyrəşək. "Neradzurri" ilə "San-Siro"da mübarizə aparmaq inanılmaz bir zövq, eyni zamanda böyük təcrübədi. Təəssüf ki, "göy-qaralar" heç bir fövqaladə oyun sərgiləməsələr də qalib gəldilər. Hər halda bizim səhflərimizdən istifadə etməkləri yüksək səviyyələrindən xəbər verir.- Ötən tur "Qarabağ" "Dnepr"i səfərdə minimal hesabla məğlub etdi və yeganə qolun müəllifi Siz oldunuz. Bu qolu karyeranızın ən vacib qolu hesab edirsiniz?- Hazırki vəziyyətdə həmin qol karyemda ən vacibidi. Peşəkar səviyyədə 19 yaşımdan futbol oynayıram və ukraynalılara vurduğum top karyeramda ən vacib qoldu. Bizə 3 xal hava-su kimi lazım idi və sevinirəm ki, bu qələbədə mənim də payım oldu. - "Dnepr" qisas almaq üçün alışıb-yanır. Necə düşünürsünüz, Miron Markeviç cavab oyunu öncəsi nə kimi dəyişikliklər edəcək?- Əminəm ki, Dnepropetrovsk təmsilçisinin seçəcəyi taktika Kiyevdəkindən köklü şəkildə fərqlənəcək. Bu oyun onlar üçün həlledici xarakter daşıyır. İndi hər iki komanda rəqibini daha yaxşı tanıyır və qarşılaşma fərqli məcrada keçəcək. Daha çətin olacaq. Ancaq biz Kiyevə qələbə eşqi ilə getdiyimiz kimi, Tofiq Bəhramov adına "Respublika" stadionuna da eyni fikirlə çıxacağıq. Onlar bizim səhflərimizdən yararlanmağa çalışacaqlar. Deməli, biz səfərdə olduğu kimi səliqəli oynamalıyıq.- Qrup mərhələsinin yarısı arxada qalıb. Necə düşünürsünüz, "Qarabağ" gözlədiyinizdən daha yaxşı çıxış edib?- Qarşımıza qrup mərhələsinə düşmək vəzifəsi qoyulmuşdu. Püşkatmadan sonra gördük ki, bütün rəqiblərimizlə mübarizə aparmaq mümkündü. 1/16 finala vəsiqə uğrunda danışmaq hələ çox tezdi. Ancaq biz ən uğurlu nəticəyə inanırıq. Mümkünsüz heç bir şey yoxdu. Ötən oyunlarda bütün mümkün nəticələri dadmışıq - məğlubiyyəti də, heç-heçəni də, qələbəni də. Toplayacağımız xallar haqda düşünmürük. Öz işimizi görməliyik, nəticə özü gələcək.- Ad və soyadın eyni səslənməsinə nadir hallarda rast gəlmək mümkündü. Necə oldu ki, Siz iki dəfə Muaremsiniz?- Müsəlman ailəsində dünyaya göz açmışam. Bütün dini ənənələrə sadiq qalan ailədə böyümüşəm. Müqəddəs Məhərrəm ayında dünyaya göz açdığıma görə adımı buna uyğun qoyublar. Soyadıma gəlincə, bu babamdan qalan soyaddı.
- Azərbaycanda yaşamaq və oynamaq necədi?
- Əla! İnsanlar çox istiqanlı və mehribandılar. Azarkeşlər səbirlidirlər. Küçədə bizi tanıyırlar, yaxınlaşıb salamlaşırlar, bizə uğurlar diləyirlər. Özü də bu cür münasibət Avropa Liqasındakı uğurlarımızdan öncə də müşayiət olunurdu. Məsələn, Türkiyədə hansısa uğursuzluqdan sonra fanatlar sənə çəp baxır, bəzən isə sərt söz də işlədə bilərlər. Orada düşünmürlər ki, futbolçunun, komandanın hansısa problemi, enişi və yüksəliş ola bilər. Azərbaycanda isə tam fərqli mənzərədi. Bütün dünyanın fanatları anlamalıdılar ki, daim qələbə qazanmaq olmaz.
Fanat.az