Milli komandamızın "sükanı arxası"na keçəcəyi gözlənilən Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, Vətənində "Sarışın" ləqəbi ilə tanınan 45 yaşlı mütəxəssis 3,5 illik müqaviləyə imza atacağını bildirib.
Prosineçkinin aylıq məvacibinin 85 min avro təşkil edəcəyini bildirən xorvatiyalı həmkarlarımız DÇ-2018-dək həmvətənlərinin yığmamızı çalışdıracağını yazıblar.
Vaxtilə "Barselona" və Madrid "Real"ının formasını geyinmiş sabiq yarımmüdafiəçi dekabrın əvvəlində müqaviləyə imza atacağını bildirib: "Azərbaycan 4 turdan sonra xal üzünə həsrətdi. Demək olar ki, Avropa çempionatının seçmə mərhələsi komanda üçün itirilib. Ancaq cari tsikldə hələ xeyli oyunumuz qalıb və həmin qarşılaşmalarda çoxlu xal toplamağa və turnir vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq".
Prosineçki Xorvatiyadan alınan məğlubiyyəti qabartmaqla yanaşı, millimizin potensialından da danışıb: "Azərbaycan yığmasının potensialı var. Xorvatiyaya qarşı oyun onların əsl gücünün göstəricisi deyil. Növbəti oyunlarda hamı bunun şahidi ola biləcək. Martın 28-də ilk sınağımız olacaq. Maltaya qalib gəlib, özümüzə inamı qaytarmalıyıq. Əlbəttə, sentyabrın 3-də Xorvatiyaya qarşı cavab görüşü də bizim üçün önəm kəsb edir. Ancaq desəm ki, gücə-gündüz məhz bu qarşılaşma haqda düşünürəm, bu, düzgün olmaz".
Fanat.az