“Zəif” bənd - GÜNDƏM

“Zəif” bənd - GÜNDƏM

“Neftçi”nin yaydakı fiaskosunun səbəbkarı olduğunu etiraf edən Böyükağa Hacıyevin baş məşqçi postundan getməsi tam qanunauyğun idi. Müşavir vəzifəsi alıb klubda qalması isə “biz sənə sahib çıxırıq” jesti. Necə deyərlər,  kəndirini birdəfəlik kəsməyi özlərinə rəva görmədilər...

Naxçıvandakı Superkubok oyununun ardından ab-havanı yeniləməyin vacibliyini anlayan rəhbərlik Hacıyevin funksiyasını müvəqqəti icra edən Tərlan Əhmədov və digər yerli məşqçilərlə yolları ayırıb “yeni qan” layihəsini həyata keçirdi. Gözlənildiyi kimi, Nazim Süleymanov baş məşqçi “kreslosuna əyləşdirildi”. Premyer Liqanın 11-ci turunda “siftə edən” Nazim bəy qələbə sevinci dadmasa da, “Simurq”la oyunda “Neftçi”nin ifasında ümidverici futbol izlədik. Bu başqa məsələ ki, əsl sınaq irəlidədi və “böyük oyun” yeni çalışdırıcının imici baxımından çox şeyə aydınlıq gətirəcək. Hələ ki, hər şey qaydasındadı. 

Kluba kənardan müdaxilə edib suları bulandırmaq üçün həssas nöqtə tapmaq çətin məsələdi. Yeganə zəif bənd məhz Hacıyevdi. Az qala hər açıqlaması ilə yarım ay idman saytlarının manşetlərində qalmağı bacaran adamın varlığından yararlanıb müxtəlif dedi-qodular yaratmaq bunu qarşısına məqsəd qoyanlara yaxşı imkanlar yaradır. Lap haqqında danışdığımız çalışdırıcının nələr baş verdiyindən xəbəri olmasa belə, onun obrazından istifadə edəcəklər. Sözügedən mütəxəssisin xidmətlərini heçə endirmək ədalətsizlik olar. Avroliqanın qrupuna düşməklə tarix yazan "ağ-qaralar"ın uğurunda onun da payı var. Ancaq gerçək peşəkarlığın meyarları başqadı. “Dünənə görə sağ ol, bu gün sənsizlik yolunu seçmişik” strategiyasını dərk etmək üçün heç arif olmağa da ehtiyac yoxdu. Ya sözügedən mütəxəssis hər hücumdan sonra ortalığa çıxıb təkzib verməli, ya da könüllü şəkildə “Neftçi”dən getməlidi. Özünə başqa iş yeri tapacağına, hansısa klubda güvən alacağına inanmırsa, birdəfəlik evdə əyləşib adını çoxsaylı veteranlar sırasına saldırması məsləhətdi. İndiki durumda ab-havanı korlayır. 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər