"Çətin oyun oldu. Bu cür hava şəraitinə uyğun olaraq meydanda mübarizə çox oldu. Rəqiblərdən heç biri güzəştə getmədi. Əsasən güc futbolu izlədik". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis nəticəni qənaətbəxş hesab edib: "Oyunda iki futbolçumuzu zədə səbəbindən itirdik. Fikrimcə, ciddi zədələri var. Bu şəraitə görə nəticəni qənaətbəxş hesab edirəm. Oyunboyu müdafiədə oynamırdıq. “Xəzər Lənkəran”ın hər hücumuna əks-hücumla cavab verirdik. Daha çox uzun ötürmələrdən istifadə edirdik. Bəzi hallarda hücumçular - nə Kamanan, nə də Mendi topu saxlaya bilmirdilər. Subotiç bacardığı qədər oynayırdı, Ebesilio oyuna yüksək hərarətlə çıxmışdı, ona görə ancaq bir hissə oynadı. Sadiq Quliyevin effektli oynaması ilə razıyam, öz mövqeyində yaxşı idi".
Syomin risk etdiklərini bildirib: "Oyuna baxanda, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Bütün əvəzetmələrdən istifadə etdiyimiz üçün Ürfan Abbasovun zədələnməsindən sonra oyunun son dəqiqələrini 10 nəfərlə başa vurduq. Riskə getdik, heç-heçəni qoruduq. Meydançanın vəziyyəti baxımlı oyun üçün əlverişli deyildi".
Fanat.az