"Ukrayna və Fransa yığmaları arasında keçirilən play-off oyunu məndə böyük təəssürat oyatdı. Oyunu stadiondan izlədim. Arenada boş yer yox idi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Ukrayna və Fransa yığması dünya çempionatına vəsiqə uğrunda play-off mərhələsində rəqibdi. Bu komandalar arasında noyabrın 15-də Kiyevdə keçirilən ilk matçda Ukrayna 2:0 hesablı qələbə qazanıb. Cavab matçı isə noyabrın 19-da Fransada baş tutacaq.
İlk qarşılaşmanı Kiyevdə canlı izləyən Syomin ukraynalıların matça yaxşı kökləndiyini bildirib: "Ukrayna oyuna daha yaxşı köklənmişdi. Onlar fransızlara qarşı ağıllı taktika ilə oynadılar. Rəqibin bütün güclü futbolçularını zərərsizləşdirmişdilər. Xüsusən də Frank Riberiyə göz açmağa imkan vermədilər. Düşünürəm ki, Ukrayna bu matça həm fiziki, həm də psixoloji cəhətdən daha yaxşı hazırlaşmışdı".
"Qəbələ"nin baş məşqçisi açıqlamasını "əgər cavab matçının ilk 20 dəqiqəsində Ukrayna qol buraxmasa, hər şey onlar üçün yaxşı qurtaracaq" sözləri ilə yekunlaşdırıb.
Fanat.az