Təbrizin "Traktorsazi" və Tehranın “İstiqal” klubları arasında baş tutan matçda gərginlik yaşanıb. Fanat.az xəbər verir ki, Təbrizin Səhənd stadionunda keçirilən matçda 10 nəfər soydaşımız həbs olunub.
Rejimin təhlükəsizlik qüvvələri Urmu gölünün qurtarılması ilə bağlı şüarlar səsləndirən tamaşaçılara vəhşicəsinə hücum edib və toqquşmalar baş verib. Şüar səsləndirdiyi üçün günahlandırılan və yaxalanan soydaşlarımızın sonrakı taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən stadiona gələn 70 min nəfərdən çox tamaşaçı ingiliscə yazılmış böyük “Save Urmu lake” pankartını qaldırıb və “Urmu gölü can verir, İran onun qətlinə fərman verir!”, “Türklərin iftixarı - Traxtur, Traxtur!”, “Yaşasın Azərbaycan”, “Traxturu el istər - şərəfli millət istər!”, “Gəlin gedək, ağlayaq, Urmu gölünü dolduraq!” kimi milli şüarlar səsləndiriblər.
GünAz.TV-nin xəbərinə görə, stadiona gələn tərəfdarlar məmurlar tərəfindən ciddi şəkildə yoxlanılıb, uşaqların stadiona gətirilməsinə icazə verilməyib. Stadionda 150 nəfər “İstiqlal” tərəfdarı da olub və onlara arenanın yuxarı hissəsində yer verilib. Onlar hər zamankı kimi polis rejiminə arxalanaraq tərbiyəsizlik edib, “Traktorsazi" azarkeşlərinin üzərinə müxtəlif əşyalar atıblar.
Qeyd edək ki, Təbriz və Tehran komandalarının oyunu 1:1 hesabı ilə başa çatıb.
Fanat.az