Rahid Əmirquliyev: "Özümüz özümüzə mane olduq"

Rahid Əmirquliyev: "Özümüz özümüzə mane olduq"

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”ın avrokuboklardakı ilk və tarixi qələbəsi barədə nə deyə bilərsiz?

- Düzünü deyim ki, biz Malta “Sliema”sı üzərində daha böyük hesabla qələbə qazanmaq istəyirdik. Elə oyunun gedişində də 3-4 qol vura bilərdik. Amma sonda cəmi bir qolla qalib gəldik. 

- Bəs çox qol vurmağınıza nə mane oldu?

- Özümüz özümüzə mane olduq. Həlledici zərbələrimizdə dəqiqlik çatışmadı. Əlverişli epizodları boşa verdik. Əsas qələbə qazanmaq idi. Ona da nail olduq.

- Hesab açılana qədər komandanız çox fəal idi. Amma qol vurduqdan sonra meydanda bərabər mübarizə getməyə başladı. Yəni minimal hesablı qələbədən razı idiniz?

- Hardasa arxayınlaşmışdıq, hardasa qol buraxmamaq istəyirdik. Rəqibin də qol vurmaq üçün şansları oldu. Amma biz qapımızı toxunulmaz saxlaya bildik. Bütövlükdə, layiqli qələbə qazandığımızı düşünürəm.

- Ötən oyunda Elnur Allahverdiyev meydandan qovulmuşdu, bu dəfə Elnur Abdullayev. Con Toşak da etiraf edir ki, komandada intizam çatışmazlığı var...

- Məncə, orda qırmızı vərəqə yox idi. Hakim sadəcə xəbərdarlıqla kifayətlənə bilərdi.

 - Komandanızın oyunundan razısız?

- Komandamız hələ tam hazır deyil. Lakin mövsümün əvvəlində belə oyun sərgiləməyimiz də normaldı. Oyundan-oyuna daha yaxşı təsir bağışlayacağımızı düşünürəm.

 - Sırada Hayfa “Maccabi”si var. İsrail klubu “Maccabi”dən daha güclüdü...

- Əlbəttə. Biz də bunu bilirik. Başa düşürük ki, asan olmayacaq. İsrail klubu ilə tamamilə fərqli futbol olacaq. Amma hər oyuna motivasiya fərqli olur. “Xəzər Lənkəran” da bu oyunlarda tam fərqli olacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər