"Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rəşad Sadıqov deyib.
Kapitan Rusiya yığmasının futbolçularının, xüsusən, əslən azərbaycanlı Aleksandr Səmədovun açıqlamalarına sərt reaksiya verib: "Başa düşmürəm, nəyə görə rusiyalı futbolçular komanda yoldaşlarımın dediklərinə neqativ mövqe ortaya qoyurlar. Əgər insan özündə əminlik hiss edirsə, nəyə görə öz mövqeyini ifadə etməməlidi? Məgər biz onlardan icazə istəməliyik? Xüsusən, Səmədovun "Azərbaycan yığmasını özlərinə əminliklərinə görə cəzalandıracağıq" sözləri mənə pis təsir etdi. Təəssüf ki, Aleksandr Səmədovla meydanda üz-üzə gələcəyik. Başqa yerdə o, öz "cəza"sına görə cavab verməli olacaqdı. Onu Səmədov kimi adlandırmaq istəməzdim. O mənim üçün sadəcə Aleksandrdı. Əgər kimsə öz gücünə inanırsa, bunu meydanda göstərməlidi".