"Simurq" yoldaşlıq görüşünə çıxacaq

"Simurq" yoldaşlıq görüşünə çıxacaq

Dünəndən təlim-məşq toplanışının üçüncü mərhələsinə start verən "Simurq", bu gün hazırlığı iki məşqlə davam etdirib.

Georgi Çixradzenin yetirmələri səhər hazırlığına fitness zalda başlayıb. İki qrupa bölünərək fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirən futbolçular, daha sonra məskunlaşdığı "Kayzer" otelinin meydançasında məşqi davam etdirib. Burada gürcü mütəxəssis yetirmələrini fiziki testdən keçirib. Sonda isə "kvadrat" və qapıya zərbələrlə səhər məşqi tamamlanıb. 

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim məşqləri davam etdirən "Simurq", axşam saatlarında isə növbəti hazırlıq prosesinə çıxıb. Baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında komandanın məşqi saat yarım davam etdi. Səhər hazırlığından fərqli olaraq bu dəfə Zaqatala təmsilçisi əsasən taktiki təmrinlərdən ibarət tapşırıqlar üzərində işlədi. Toplu çalışmalar isinmə hərəkətləri ilə başladı. Daha sonra komanda topu qısa məsafələrə ötürmə və iki qrup şəklində taktiki təmrinləri yerinə yetirdi. Məşq prosesi taktiki gedişlər və qapıya zərbələrlə davam etdi. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıq tamamlandı. 

Məşqçilər korpusunun hazırlıq çərçivəsində tərtib etdiyi intensiv məşq qrafiki sabahda davam edəcək. İyulun 16-da isə "Simurq" Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi Zaqatala təmsilçisinin rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. 

Qeyd edək ki, "Simurq" transfer çalışmalarınıda davam etdirməkdədir. Hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş bir futbolçu var. Braziliyalı hücumçu Eudi Silva de Souzada Zaqatala təmsilçisinin Türkiyə toplanışının son həftəsində də iştirak etmişdi. Məşqçilər korpusunun qərarı ilə yenidən dəvət olunan futbolçu barəsində son fikir "Olimpiakos"la oyundan sonra deyiləcək. Qarşıdakı günlərdə daha bir neçə futbolçu baxış üçün komandanın düşərgəsinə təşrif buyuracaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər