"Meydana qayıdanla xüsusi hisslər yaşadım. Komanda yoldaşlarım məni alqışlarla qarşıladılar və bu mənə yaxşı mənada çox təsir etdi. Meydana dönmək xoş idi. Həmin hissləri sözlə ifadə etmək çox çətindi". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in oyunçusu Fuad Bayramov deyib.
Ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Fuad əvəzedici komandalar arasında çempionatın XII turunun "İnter" - "Rəvan" oyununda forma geyindi. Gənc futbolçu zədədən sonra meydana çıxdığı ilk oyunla bağlı klubun rəsmi saytına danışıb: "Bəli, anlayıram ki, hələ yaxşı formada deyiləm. Axı uzun zaman itirmişəm, ancaq itirdiklərimi qaytarmaq üçün çox çalışacağam. Fiziki olaraq tam hazıram və meydançada keçirdiyim müddət ərzində hər hansı bir narahatlıq hiss etmədim. Xoşdu ki, debüt matçımda komandaya qalib gəlmək müyəssər oldu. Bu, mənim əhval-ruhiyyəmi daha da yaxşılaşdırdı. Ümid edirəm ki, tez bir zamanda əsas komandanın da heyətində də meydançaya çıxacağam".
Fanat.az