Topaz Premyer Liqasının XI turu daha bir "Qəbələ" Futbol Akademiyası yetirməsinin əsas heyətdə debüt etməsi ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmada start heyətində yer alan Elvin Camalov klub tarixinə 162-ci futbolçu kimi düşüb. 18 yaşlı debütanta qədər "qırmızı-qara" formanı 161 oyunçu geymişdi.
Elvin “Qəbələ”nin tarixində 88-ci yerli futbolçudu. Digər 74 oyunçu isə legionerlərdi. Yarımmüdafiəçi Premyer Liqada “Qəbələ”nin şərəfini qoruyan 147-ci oyunçu oldu. "Qəbələ" - "Sumqayıt" (2:0) matçının ardından debüt barədə təəssüratlarını gabalafc.az-la bölüşən Camalov ilk oyununda həyəcan hiss etdiyini deyib:
"İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim. Bu həyacan matçın startında daha çox idi. Amma sonradan matçın tempinə uyğunlaşa bildim. Məşqçilər öncədən ilk ötürmənin çox önəmli olduğunu söyləmişdilər. Birinci ötürməm dəqiq alındı və nisbətən rahatlaşdım. Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır. Debüt oyunumda bunların hər ikisi baş verdi. Məşqçilərimizin inamını nə dərəcədə doğrultduğumu isə ən yaxşı onlar bilər. Meydançada əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonra da məşqlərdə səylə çalışacam. Hədəfim əsas heyətdə oyun praktikamı artırmaq və komandada möhkəmlənməkdi".
Fanat.az