Dünən Fanat.az-ın XƏYALLARIN QANADINDA rubrikasının qəhrəmanlarının küləkli havada, həmişəki çayxanada əyləşib Superkubokun finalını necə müzakirə etdiyini diqqətinizə çatdırmışdıq. Birinin giriş hüququ cibində idi, Naxçıvana yollanmağa hazırlaşırdı, o biri “böyük oyun”un mataha çevrilmiş biletini vaxtında almadığına görə üzülürdü... Ertəsi “İbrahimxəlil Axundlu”da baş tutacaq qarşılaşmaya canlı baxmaq şansını qaçırmamaq üçün dostundan tez-tələsik ayrılan qəhrəmanımız metronun Nizami stansiyasında gözə dəydi.
- Qaqa, sənsən?
- Bakı balaca şəhərdi, mənəm. Nə var, nə yox?
- Sağlığın. Naxçıvana getmədin bəs?
- Yox, qaqa. Gedəsi olmadım. Dünən səndən ayrılandan sonra evdən zəng vurdular, işığımızı kəsmişdilər. Mən çatana qədər qardaşım düzəltdirmişdi. Amma reysə gecikdim. Dedim, oyanıb səhər uçaram. Ona da həvəs olmadı...
- Niyə?
- Niyəsi odu ki, mənə belə Superkubok oyunu şəxsən maraqlı deyil. Belə ab-havadan dava-dalaş gözləməyə dəyməz. Naxçıvana çatan kimi əzəli rəqiblər bir-birini yola veriblər.
- Nə bildin?
- Sən sayt zad oxumursan, qaqa?
- Arada oxuyuram.
- Get aç bax, görəcəksən. Mehribancasına Heydər Əliyevin abidəsini ziyarət ediblər. Əklilin bir ucundan Rahid Əmirquliyev tutub, o biri ucundan Rəşad Sadiqov...
- Şitini çıxardıblar ki...
- Hə, sən öl.
- Yəqin “yuxarıdan” tapşırıblar, neyləsinlər yazıqlar...
- Nə isə, mən “Nərimanov”da düşməliyəm.
- Yaxşı yol, “İdman Azərbaycan”dan baxacaqsan?
- Yox, dayıoğluyla bilyard oynamağa gedəcəm. Nəyə baxacam? Centlmensayağı üzristəmə mərasiminə?
- Axşam zəng vur, çayxanaya gedək.
- Konturum yoxdu, “vızov” atacam.
Fanat.az